Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edir.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Göründüyü kimi, Əmək Məcəlləsinin 113.3- cü maddəsi iş ili başlanmamış əmək məzuniyyətinin istifadə edilməsini qadağan edir.
Misal. İşçi 17.11.2020-ci il tarixdə işə başlayıb. Onun iş ili 17.11.2020-17.11.2021 tarixlərini əhatə edəcəkdir. Fərz edək ki, işçi 15.07.2021-ci il tarixdə işəgötürənə müraciət edərək 17.11.2020-17.11.2021-ci və 17.11.2021-17.11.2022-ci iş illərinin məzuniyyətindən birlikdə istifadə etmək istəyir. Bu halda işəgötürən ona yalnız cari iş ilinin əmək məzuniyyətini verməlidir. Gələcək iş ilinin məzuniyyəti isə işçi və işəgötürənin razılığına əsasən iş ili başladıqdan, yəni 17.11.2021-ci il tarixdən sonra istifadə edilə bilər. Əgər işçi 18.11.2021-ci il tarixdə iki iş ilinin əmək məzuniyyətindən istifadə etmək istəyərsə, işəgötürənin razılığı ilə bu, mümkündür.