13 C
Baku
Friday, November 22, 2024

Gələcəkdə arı ailələrinin sığortalanması planlaşdırılır

Aqrar Sığorta Fondunda (ASF) Azərbaycan Arıçılar Assosiasiyasının rəhbərliyi və üzvləri ilə keçirilən görüşdə arı ailələrinin sığortalanmasına dair ilkin müzakirə aparılıb.

Görüşdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov aqrar sığorta mexanizmi, onun işləmə prinsipi və üstünlükləri barədə məlumat verib. Onun sözlərinə görə, qarşıdakı dövrdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetlərinin və sığorta risklərinin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Sığortaya cəlb edilməsi nəzərdə tutulan sahələrdən biri də arıçılıq təsərrüfatlarıdır. Bu görüşün məqsədi, Azərbaycan arıçıları ilə arı təsərrüfatlarının sığortası ilə bağlı risklərin və sığorta imkanlarının müzakirəsidir.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib ki, hazırda ölkənin demək olar bütün bölgələrində, ümumilikdə, 650 mindən artıq arı ailəsi var. Assosiasiya rəhbərinin sözlərinə görə, arı ailələri üçün əsas risklər yoluxucu xəstəliklər, dolu yağması, sel, daşqın, quraqlıq nəticəsində bitki örtüyünün olmaması, vəhşi heyvanların, o cümlədən ayıların hücumu və sairdir. Bundan başqa arı ailələri daşınma zamanı stress, avtomobil qəzaları, əkin sahələrinin dərmanlanması zamanı zəhərlənmə kimi hallar nəticəsində də tələf olur.

Görüşdə qeyd edilib ki, ötən il belə hallar, xüsusilə sel və daşqınlar nəticəsində minlərlə arı ailəsi tələf olub. Belə hallarda fermerlərə dəyən zərərin qarşılanması baxımından aqrar sığortanın əhəmiyyəti vurğulanıb.

Arı ailələrinin sığorta məqsədləri üçün qeydiyyatı və identifikasiyası, hadisələrin təsbiti üsulları, arı ailələrinin qiymətləndirilməsi ilə bağlı məsələlər, o cümlədən arı ailələrinin sığortalanması sahəsində qardaş Türkiyənin təcrübəsi də müzakirə edilib.

Sonda arı ailələrinin sığortalanması ilə bağlı müzakirələrin və belə görüşlərin davam etdirilməsi qərara alınıb.

Son xəbərlər
Digər xəbərlər