Bütün dünyada alimlər və böyük korporasiyalar daha güclü, sürətli və enerjiyə qənaətli kompüterlərin istehsalı üzərində fəal olaraq çalışır.
Kanadanın Viktoriya Universitetindən olan kimyaçı alim Natiya Frank bu istiqamətdə olduqca perspektivli texnologiya təklif edib.
O, məlumatların elektrikin deyil, işığın köməyi ilə saxlanılması və emalı üçün nəzərdə tutulmuş LI-RAM (işıq yaddaşı) adlı yeni materialı patentləşdirib.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, nəticə olaraq, bu kimi materialdan istehsal edilmiş kompüter və ya mobil prosessorlar minimal enerji sərf edə və daha az istilik ayıraraq uzun müddət xidmət edə bilərlər.
Qeyd edilir ki, hazırda informasiyanın emalı texnologiyalarına dünya enerji resurslarının təxminən 10%-i sərf olunur. LI-RAM məlumatların daha sürətli ötürülməsini təmin edərək bütün müasir standartlarla müqayisədə enerji istehlakını 10% azaltmağa imkan verəcək.
Natiya Frank bildirib ki, qurğu yaşıl işıq altında sürətlə dəyişən maqnit xüsusiyyətlərinin qeyri-adi keyfiyyətinə malikdir: informasiya emal edilə və bir molekulyar səviyyədə saxlanıla bilər. Bu da indiyə kimi hipotetik texnologiya hesab edilən universal yaddaşı inkişaf etdirməyə imkan verəcək.
Yeni material mobil qurğular, kompüterlər və digər uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş elektron qurğularda məlumatların saxlanılmasında istifadə olunmaqla yanaşı, tibbi sfera, günəş elementləri və bir sıra nanotexnologiyalarda da tətbiqini tapa bilər.