Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 3-də ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxacaq.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Salome Zurabişvilinin də iştirakı ilə oktyabrın 3-də yerli vaxtla saat 12:00-da şifahi dinləmə keçiriləcək.
Qeyd edək ki, sentyabrın 1-də S.Zurabişviliyə qarşı impiçmentlə bağlı hakim “Gürcü Arzusu” Partiyası imzatoplama kampaniyasına başlayıb. S.Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfər edib. Gürcüstan hökuməti isə onun bu səfərini qəbuledilməz sayıb.
Müxalifətin dəstəyi olmadan “Gürcü Arzusu” və “Xalqın Gücü” hərəkatının üzvlərinin təmsil olunduğu parlament çoxluğu impiçment prosedurunu başa çatdıra bilməyəcək, çünki ən azı 100 səs lazımdır və çoxluğun hazırda cəmi 83 üzvü var.
Hakim partiya Zurabişvilini Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozmaqda ittiham edib (Prezidentin xarici əlaqələrdə nümayəndəlik funksiyalarını yalnız hökumətin icazəsi ilə həyata keçirmək hüququ var).