Noyabrın 30-dan Azərbaycanda banklarda kontr-tsiklik kapital buferi tətbiq ediləcək.
Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Kontr-tsiklik kapital buferi iqtisadi tsikl və kredit portfelinin dinamikasına uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş I dərəcəli kapitaldan ibarət buferdir. İqtisadi tsikl və kredit portfelinin artım tempindən asılı olaraq, I dərəcəli kapital və məcmu kapital adekvatlığı əmsalının üzərinə 0 – 2.5% arasında kontr-tsiklik kapital buferi tətbiq ediləcək.
Kontr-tsiklik kapital buferinin yaradılması üçün əsas göstərici kimi kredit qəpi çıxış edir. Kredit qəpi müvafiq dövrdə banklar tərəfindən müştərilərə verilmiş kredit portfelinin ÜDM-ə nisbətinin bu nisbətin uzunmüddətli trendinin həmin dövrə olan göstəricisinin fərqidir. Kredit portfelinin ÜDM-ə nisbətinin uzunmüddətli trendi hesablanarkən 10 illik göstəricilər nəzərə alınır. Trend müəyyən edilərkən Hodrick-Prescott filtri istifadə edilir, hamarlaşdırıcı parametr (l – lambda) isə 1,600 və ya 400,000 kimi müəyyən edilə bilər. Əsas göstərici olaraq kredit qəpi 2-10% aralığında dəyişərkən, kontr-tsiklik kapital buferi müvafiq olaraq 0-2.5% aralığında aşağıdakı düstura uyğun olaraq (bu Əlavənin 5-ci hissəsinin tələbləri nəzərə alınmaqla) müəyyən edilir:
Kontr-tsiklik kapital buferi =
Kontr-tsiklik kapital buferini təyin edərkən, kredit qəpindən əlavə olaraq aşağıdakı göstəricilər nəzərə alınır:
– real ÜDM artımı;
– bank sektorunun kapitalının gəlirliliyinin artımı;
– bank sektorunun itkiləri;
– əmlak və səhm bazarı göstəricilərinin uzunmüddətli trenddən deviasiyası;
– eyni müddətli dövlət qiyməti kağızları və korporativ qiyməli kağızların gəlirliliyinin fərqi.
Tələb olunan kapital buferi dərəcəsi artırıldığı təqdirdə, bu tələb artımın elan edildiyi tarixdən 6 (altı) ay sonra, azalma tələbi isə azalmanın elan edildiyi tarixdən etibarən qüvvəyə minir.
©APA