18 C
Baku
Tuesday, April 22, 2025

Gələn həftə İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimi keçiriləcək

Türkiyənin enerji və təbii sərvətlər naziri Alpraslan Bayraktar Rusiyanın paytaxtı Moskvada gündəmdə olan məsələlərlə bağlı Anadolu agentliyinin müxbirinin suallarını cavablandırıb.

O qeyd edib ki, Türkiyənin enerji sahəsində Rusiya ilə əməkdaşlığı uzun illərdir ki, davam edir. Nazir əlavə edib ki, təbii qaz və neftlə yanaşı, Türkiyənin ən böyük xarici sərmayəsi olan Akkuyu Atom Elektrik Stansiyasının təmsil etdiyi nüvə enerjisi sahəsində əməkdaşlıq da çox vacibdir.

Nazir Moskvaya səfəri zamanı Rusiya baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Sergey Tsivilevlə görüşdüyünü bildirib. O, Türkiyənin Avropanın dördüncü ən böyük təbii qaz istehlakçısı, Rusiyanın isə bu sahədə mühüm təchizatçı ölkə olduğunu bildirib.

Bayraktar qeyd edib ki, Rusiya qazının Türkiyəyə tədarükünün 40-cı ili 2026-cı ildə başa çatacaq: “Bu, mühüm mərhələdir və bu gün təbii qaz sahəsində əməkdaşlığımızın inkişaf etdirilməsi, Türkiyəyə daha sərfəli şərtlərlə nəqlin təmin edilməsi məsələləri gündəmdədir. Vacib məsələlərdən biri də Türkiyədə həyata keçirilməsi planlaşdırılan təbii qaz ticarət mərkəzinin yaradılmasıdır”.

“Rosatom” şirkəti ilə danışıqlar 
Bayraktar Rusiyanın Sinopda tikintisi planlaşdırılan atom elektrik stansiyası layihəsi ilə də maraqlandığını bildirib.

Alparslan Bayraktar Türkiyənin çox böyük təbii qaz bazarı olduğunu qeyd edib. Türkiyə həm də yerləşdiyi yer və infrastruktura sərmayələri sayəsində region ölkələrinə tədarük təhlükəsizliyini təmin etmək iqtidarındadır.

O, Türkiyənin Qara dənizdə baş verən proseslər sayəsində təbii qaz istehsalçısına çevrildiyini vurğulayıb: “Biz də qonşu ölkələrlə əlaqələrimizin imkanlarını artırmaq üçün çalışırıq. Bu mənada böyük imkanlar var”.

Türkmənistan qazının Türkiyəyə tədarük edilməsi

Nazir bildirib ki, türkmən qazı hazırda İran vasitəsilə Türkiyəyə barter əsasında verilir. Bu müqavilə Türkiyənin tədarük təhlükəsizliyi, qaz ehtiyatlarının bolluğu və şaxələndirilməsi baxımından çox vacibdir.

Nazir təbii qazın Türkiyəyə 14 fərqli nöqtədən gəldiyini açıqlayıb. O, İğdır-Naxçıvan boru kəmərinin tikintisinin başa çatdığını bildirib. “Açılış mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək. Gələn həftədən etibarən Naxçıvanın qaza olan tələbatı Türkiyə vasitəsilə ödəniləcək”, – nazir bildirib.

Son xəbərlər
Digər xəbərlər