Sərhədlərin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi əsas prioritet kimi saxlanılıb.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin Xankəndidə keçirilən paradda dediyi kimi bütün vəzifələri həyata keçirmişik, ancaq ordu quruculuğu yenə də əsas prioritet olaraq qalacaq: “2024-cü ilin dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Növbəti ildə azad edilmiş ərazilərdə quruculuq işlərinə dövlət büdcəsi xərclərinin 10.9% nə bərabər vəsait ayrılacaq. 2024-cü ilin dövlət büdcəsində prioritet istiqamətlərə ÜDM-in 10.1-i həcmində vəsait yönəldiləcək”.
Nazir həmçinin səfərbərlik və digər ehtiyatların formalaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılacağını da diqqətə çatdırıb.