16 C
Baku
Monday, April 29, 2024

Gələn il doktorantura və dissertantura imtahanı yeni model əsasında təşkil olunacaq

Bildiyiniz kimi, doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanında namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxs) və iddiaçıların (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üçün xarici dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, dillər üzrə oxu, dinləyib-anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadə vərdişlərinin, söz ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi aparılır.

DİM-dən bildirilib ki, doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə imtahan modelinin strukturu dinləyib-anlama bacarığı üzrə dialoq və monoloq tipli mətn üzrə 10 qapalı test tapşırığı, oxuyub-anlama bacarığını yoxlayan mətn üzrə 10 qapalı tipli test tapşırığı, dil biliyi üzrə 5 qapalı və 5 açıq tipli test tapşırığı, danışıq üzrə ümumi dəyəri 10 bal olmaqla 3 tapşırıq və yazı bacarığı üzrə 10 balla qiymətləndirilən esse və ya vizual məlumatın təsviri üzrə tapşırıqdan ibarətdir. Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın məzmunundan asılı olaraq dəyişir. Xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçən namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunduğu halda, fəlsəfə doktoru imtahanında iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram və s.) təsvirini vermək tələb olunur.

 

Məlumat üçün bildiririk ki, hazırda doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə tətbiq edilən imtahan modelinin məzmununun Kembric Universiteti Nəşriyyatı və Qiymətləndirmə Sindikatının mütəxəssislərinin rəy və tövsiyələrinə əsasən CEFR-ın müvafiq səviyyəsinə (B2) tam uyğunlaşdırılması istiqamətində işlər görülür. Görülmüş işlərin müsbət nəticəsi olaraq, növbəti ildən yuxarıda təsvir olunmuş imtahan modelinin strukturunda və məzmununda müvafiq dəyişikliklərin tətbiq olunması nəzərdə tutulur.

2024-cü ildən etibarən keçiriləcək doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanı yeni model əsasında təşkil olunacaq. Yeni modelə əsasən imtahanverənlərin dil bilikləri (leksik və qrammatik) daha çox praktik şəkildə, yəni məzmun daxilində yoxlanılacaq. Həmçinin, oxu bloku üzrə hər biri 5 tapşırıqdan ibarət iki mətn təqdim olunacaq. Bundan başqa, yazı bloku üzrə imtahanverənlərdən həm esse, həm də vizual məlumatın təsvir edilməsi tələb olunacaq. Namizəd və iddiaçılar növbəti ildə istifadə olunacaq imtahan modeli ilə yeni tədris ilinin əvvəlində tanış ola biləcəklər.

Dövlət İmtahan Mərkəzinin beynəlxalq tərəfdaşlarla aparılmış tədqiqatyönümlü silsilə layihələrinə, müəllimlərin peşəkar inkişafı və xarici dillər üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində gördüyü işlərə, aparılmış statistik təhlillərə və ümumilikdə ölkədə təhsilin inkişafına verdiyi töhfəyə əsaslanaraq, xarici dillərin qiymətləndirilməsi sahəsində tətbiq edəcəyi yeni qiymətləndirmə modelini ali təhsilin ən yüksək səviyyəsində namizəd və iddiaçıların hazırlığının yoxlanılması üçün məqsədəuyğun hesab edirik.

Qeyd edək ki, 11 iyun 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan doktoranturaya qəbul imtahanının, eləcə də xarici dillər üzrə fəlsəfə doktoru imtahanının (o cümlədən 10 dekabr 2023-cü ildə keçiriləcək) strukturunda hər hansı bir dəyişikliyin edilməsi nəzərdə tutulmur.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər