“İqtisadiyyat Nazirliyi 2023-cü ilin yanvarında ölkədə, o cümlədən Naxçıvanda fəaliyyət göstərən aidiyyəti qurumların, sahibkarların iştirakı ilə böyük bir tədbir keçirməyi planlaşdırır”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayaq” mükafatının təqdimat mərasimində çıxışı zamanı deyib.
Nazir sahibkarlara, iş adamlarına müraciət edərək sözügedən konfransa qatılmağa dəvət edib:“Əsas hədəfimiz ondan ibarətdir ki, bugünə qədər Naxçıvanda tam reallaşdıra bilmədiyimiz iqtisadi potensialı, insan potensialını, coğrafi potensialı, qardaş Türkiyə ilə olan coğrafi yaxınlığı, həmçinin qarşılıqlı ticarət rejimindən irəli gələn imkanları, bütövlükdə sahibkarlıq mühiti, çevik dəyişən, inkişaf edən Azərbaycanda aidiyyəti dövlət orqanları ilə sahibkarlar arasında əlaqələrin daha səmərəli şəkildə qurulması istiqamətində bir günlük forumumuzu, konfransımızı keçirəcəyik.
Naxçıvanda iqtisadi fəaliyyətlə artıq məşğul olan, həmçinin marağı olan, bugünə qədər iqtisadi fəaliyyət keçirməyən bütün sahibkarlara, iş adamlarına üz tutub bu tədbirə qatılmaq imkanını nəzərdən keçirməyə dəvət edirəm”.