13 C
Baku
Saturday, May 18, 2024

Gələn il Rumıniya Azərbaycandan təxminən 300 mln. kubmetr qaz alacaq

Rumıniyanın “Romgaz S.A.” şirkəti 2023-cü ilin birinci rübündə təxminən 300 milyon kubmetr Azərbaycan qazı alacaq.

Xəbər verildiyi kimi, dekabrın 16-da SOCAR ilə Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında 2023-cü ildən etibarən Azərbaycan qazının tədarükünə dair müqavilə imzalanıb.

“İmzalanmış qısamüddətli spot müqavilə 2025-cü il yanvarın 1-dən aprelin 1-dək SOCAR trəfindən 300 milyon kubmetrədək tədarükü nəzərdə tutur”, – “İnterfaks-Azərbaycan” ICIS-a (Independent Commodity Intelligence Services) istinadən məlumat verir.

Gündəlik tədarükün həcmi 4.2 milyon kubmetrədək təşkil edəcək.

Öncə SOCAR məlumat verib ki, müqavilə çərçivəsində “Romgaz S.A.” 2023-cü il yanvarın 1-dən etibarən təbii qaz Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə nəql ediləcək.

Öz növbəsində, “Romgaz S.A.” öz məlumatında qeyd edir ki, “bu müqavilənin imzalanması ilə tələbatın ödənilməsi məqsədilə Azərbaycan qazına çıxış imkanı təmin edilir”.

Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Avropaya qaz ixracının həcmi 8,2 milyard kubmetr təşkil edib. 2023-cü ildə ixracın həcmi 24 milyard kubmetrədək, o cümlədən Avropaya ixracın ən azı 11,6 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır.

Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.

Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər