2 C
Baku
Saturday, December 14, 2024

Gələn ildə diqqət yetirilməli olan 10 tendensiya

“The World Ahead 2022” jurnalının redaktoru Tom Stendicin (Tom Standage) məktubu.

2021-ci ili dünyanın pandemiya səbəbindən alt-üst olduğu il adlandırmaq olarsa, 2022-ci ili yeni reallıqlara uyğunlaşma zərurəti müəyyən edəcək: həm böhran nəticəsində dəyişmiş sahələrə (yeni əmək dünyası, turizm və səyahətin gələcəyi), həm də yeni tendensiyalara (Çinin yüksəlişi, iqlim dəyişikliyinin sürətlənməsi). Budur ki, sizə gələn ildə diqqət yetirilməli olan on mövzu və tendensiyanı təqdim edirik.

1. Demokratiyaya qarşı avtokratiya. Amerikadakı aralıq seçkilər və Çin Kommunist Partiyasının qurultayı iki siyasi sistem arasındakı rəqabətə vurğu edəcək. Onlardan hansı sabitlik, inkişaf və innovasiyaları təmin edə biləcək? Bu rəqabət hər şeydə özünü göstərəcək: ticarətdən texnologiya sektorundakı tənzimləmələrə, peyvənd proqramlarından kosmik stansiyaların tikintisinə qədər. Prezident Co Bayden azad dünyanı demokratiya bayrağı altında toplamağa çalışsa da, ABŞ belə bir sistemin məziyyətinin ən uğurlu nümunəsi ola bilməyəcək.

2. Pandemiya endemiyaya çevriləcək. Tədricən yeni antiviral həblər, təkmilləşdirilmiş anticisimlər və innovativ peyvəndlər ortaya çıxır. İnkişaf etmiş ölkələrdə peyvənd olunmuş insanlar üçün bu virus artıq həyati təhlükə yaratmayacaq. Lakin inkişaf etməkdə olan ölkələrdə COVID-19 hələ də əsas təhdid kimi qalacaq. Əgər vaksinasiya tədbirləri görülməsə, koronavirus varlılardan çox yoxsullara təsir edən endemik xəstəliklərdən birinə çevriləcək.

3. İnflyasiya ilə bağlı narahatlıqlar. Təchizat zəncirinin pozulması və enerjiyə tələbatın artması  qiymətlərin sürətlə qalxmasına səbəb oldu. Mərkəzi banklar bunun müvəqqəti olduğunu iddia edir, lakım çoxları onlara inanmır. Təkcə Böyük Britaniya “Brexit”dən sonra işçi çatışmazlığı və təbii qaz qiymətlərinin bahalaşması ilə əlaqədar staqflyasiya riski altındadır.

4. Əməyin gələcəyi. “Hibrid” iş rejiminin populyarlaşmasına və getdikcə daha çox insanın evdən işləyəcəyinə dair geniş konsensus var. Lakin bu ideyanın təfərrüatları ilə bağlı ekspertlərin fikirləri fərqlidir. Bu rejim nə qədər tez-tez və hansı günlərdə tətbiq olunacaq? Bütün işçilərə münasibətdə nə dərəcədə ədalətli sayılacaq? Sorğular göstərir ki, qadınların ofisə qayıtmağa həvəsi daha azdır. Bu isə onların vəzifədə yüksəlməsi məsələsini çətinləşdirəcək. Eyni zamanda evdən işləyən işçilərin monitorinqi ilə bağlı da mübahisələr gedir.

5. Big-Tech ilə yeni toqquşmalar. Amerika və Avropadakı tənzimləyicilər illərdir texnologiya nəhənglərini cilovlamağa çalışırlar, lakin hələ də onların inkişafına və mənfəətinə təsir edə bilməyiblər. İndi Çin də eyni təşəbbüs göstərir. Prezident Si Tsinpin onların oyun və ticarət kimi qeyri-ciddi sahələrdənsə, ölkəyə geostrateji üstünlük verən dərin texnologiya sektorlarına diqqət yetirmələrini istəyir. Bəs bu, Çinin innovasiyalarına necə təsir göstərəcək? Hökumət onları stimullaşdıracaq, yoxsa, əksinə, sıxışdıracaq?

6. Kriptovalyuta bazarının artımı. Bütün yeni texnologiyalar kimi, kriptovalyutalar da milli tənzimləyicilər tərəfindən sərtləşdirilən qaydalara məruz qalır. Mərkəzi banklar öz mərkəzləşdirilmiş rəqəmsal valyutalarını işə salmağa çalışır. Nəticədə etibarilə, maliyyə dünyasının gələcəyi üçün üç istiqamətli mübarizə – kriptoblokçeyn, DeFi (mərkəzləşdirilməmiş maliyyə xidmətləri), ənənəvi texnologiya şirkətləri – 2022-ci ildə daha da güclənəcək.

7. İqlim böhranı. Meşə yanğınları, anomal istiləşmə və daşqınlar getdikcə daha tez-tez baş versə də, siyasətçilər kəskin iqlim dəyişikliyi ilə mübarizə aparmağa tələsmirlər. Ekspertlərin fikrincə, dekarbonizasiya kollektiv Qərb və Çinin əməkdaşlığını tələb edir, lakin bu iki tərəfin geosiyasi rəqabəti get-gedə daha da şiddətlənir. Sizi Harvard Günəş Geomühəndisliyi Araşdırma Qrupunun fəaliyyətini izləməyə dəvət edirik. 2022-ci ildə o, günəş işığını “qaraltmaq” üçün atmosferə xüsusi toz buraxan texnologiyanı sınaqdan keçirmək istəyir. İqlim dəyişikliyinin hazırkı sürətində bu üsul dünyanı karbonsuzlaşdırmaq üçün olduqca faydalı ola bilər.

8. Beynəlxalq səyahətlə bağlı problemlər. İqtisadiyyatın canlanması fonunda işgüzar fəallıq artır. Ekspertlərin fikrincə, Avstraliya və Yeni Zelandiya kimi ölkələr də yeni dünya nizamına keçiddə bir sıra çətinliklərlə üzləşəcək. Bu arada, bütün işgüzar səfərlərin təxminən yarısı əbədi olaraq yox olacaq. Bu, planet üçün yaxşı, daha böyük xərc çəkəcək turistlər üçün isə pisdir.

9. Kosmik yarış. 2022-ci il təkcə dövlət qulluqçularının deyil, adi vətəndaşların da kosmosa çıxacağı ilk il olacaq. Onları rəqib kosmik turizm firmaları daşıyacaq. Çin yeni kosmik stansiyanın tikintisini başa çatdıracaq. Qeyd edək ki, dünyanın hər yerindən kinorejissorlar kosmosda film çəkmək istəyirlər. NASA artıq bu sahədə işə başlayıb və bu, Hollivud filminə bənzəyir.

10. Siyasi futbol. Pekin Qış Olimpiya Oyunları və Qətərdə keçirilən futbol üzrə dünya çempionatı idmanın dünyanı birləşdirəcək gücə malik olduğunu xatırladacaq. Bununla belə, bu hadisələr bizə (yenə) göstərəcək ki, böyük idman hadisələri çox vaxt siyasi futbolla başa çatır. Qəbul edən ölkələrə yönəlmiş etiraz dalğasının baş verməsini gözləmək olar, baxmayaraq ki, milli komandaların boykot etməsi ehtimalı azdır.

Son xəbərlər
Digər xəbərlər