20 C
Baku
Thursday, October 9, 2025

Gələn ildən Azərbaycan vətəndaşları şəxsi məlumatlarının istifadəsinə nəzarət edə biləcəklər

Artıq gələn ildən etibarən Azərbaycan vətəndaşları şəxsi məlumatların istifadəsinə şəffaflığın və nəzarətin təmin edilməsinə yönəlmiş rəqəmsal islahatların nəticələrini praktikada hiss edə biləcəklər.

Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədr müavini Şahin Əliyev “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.

Ş.Əliyevin sözlərinə görə, yaradılmış “MyGov” platforması artıq bu gün vətəndaşları xəbərdar edir:

“Bu, özəl sektor onların məlumatlarına giriş tələb etdikdə baş verir və razılığı müstəqil idarə etmək imkanı yaradır. Vətəndaş girişi tamamilə məhdudlaşdıra, müəyyən müddətə və ya birdəfəlik icazə verə bilər. Bu sistemin miqyası tədricən genişlənəcək. Hər hansı bir şirkət və ya dövlət orqanının məlumatlardan istifadə etmək istəməsi yalnız vətəndaşın razılığı ilə mümkündür”.

IRIA-nın sədr müavini qeyd edib ki, bütün dövlət xidmətləri çərçivəsində vətəndaş onun məlumatlarından nə vaxt və kim tərəfindən istifadə edildiyinə dair bildirişlər alacaq.

“Beləliklə, hər kəs öz şəxsi məlumatlarının harada və hansı məqsədlə istifadə edildiyinə nəzarət edə biləcək. İş dövlət və özəl sektorlar arasında məlumat mübadiləsindən başlanılıb və bu proses davam edir. Şəffaflığın artırılması üçün əlavə tədbirlər görülür. Artıq gələn il vətəndaşlar bu işin real nəticələrini görə biləcəklər”, – Ş.Əliyev əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər