7 C
Baku
Saturday, December 28, 2024

Gələn ildən Azərbaycanda bu xəstələr üçün dərmanlar pulsuz veriləcək

İcbari tibbi sığorta hesabına qarşılanacaq dərmanlarla bağlı pozitiv siyahısı hazırlanacaq.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova media nümayəndələri üçün təşkil olunan tibbi savadlılıq təlimində çıxışı zamanı deyib.

O qeyd edib ki, gələn ildən ürək-damar sistemi xəstəlikləri üçün ambulatorda dərman vasitələrinin verilməsinə başlanılacaq:

“Növbəti ilin ikinci yarısında ambulator dərmanların icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub. Ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılıb”.

A.Əhmədova bildirib ki, dərman təminatı mexanizmləri təhlil edilib:

“Növbəti il yenilənən Xidmətlər zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Bu siyahıya yalnız ambulator şəraitdə həkim tərəfindən resept əsasında yazılan dərmanlar daxil ediləcək. Həmçinin pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq

Dərmanların qiyməti iki hissədən ibarət olacaq. Şərti kompensasiya məbləğini sığorta, müştərək maliyyələşmə məbləğini isə vətəndaşlar ödəyəcək. Müştərək maliyyələşmə məbləği dərmanın pərakəndə satış qiymətindən şərti kompensasiya məbləğinin çıxılması ilə müəyyən ediləcək”.

A.Əhmədova sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni şərti kompensasiya məbləği ödəniləcəyini diqqətə çatdırıb:

“Vətəndaşların seçdiyi dərmanın qiymətindən asılı olaraq, onun ödədiyi müştərək maliyyələşmə məbləği isə fərqli ola bilər. İcbari tibbi sığorta hesabına dərman təminatı yalnız elektron reseptlər əsasında həyata keçiriləcək. Eyni zamanda qanunvericiliyə uyğun fəaliyyət göstərən özəl apteklərlə əməkdaşlıq müqavilələri bağlanılacaq. Vətəndaş elektron reseptlə müqaviləsi olan aptekə yaxınlaşaraq dərmanların təsiredici maddəsi və dozalarına uyğun pozitiv siyahıdakı dərmanlardan birini seçə biləcək. Agentliklə müqaviləsi olan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həmin aptekləri asanlıqla tanıya və tapa bilsinlər”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər