11 C
Baku
Sunday, November 17, 2024

Gələn ildən etibarən 5 rayon xərclərini öz gəlirləri hesabına təmin edəcək – Maliyyə Nazirliyi

2016-cı ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 766,3 mln. manat həcmində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin təqdim etdiyi “2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimat layihəsi” sənədində bu gəlirlərin 2015-ci illə müqayisədə 68,2 milyon manat və yaxud 8,2 faiz az olduğu göstərilib.

2016-cı ildə rayon və şəhərlərin vergi potensialının artırılması, onların ərazilərində fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə ödəyəcəkləri vergi və digər ödənişlərin tam məbləğdə rayon və şəhərlərin yerli gəlirlərinə daxil edilməsi nəzərdə tutulur.

2016-cı ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 50,3 faiz təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 44,5 milyon manat və yaxud 5,4 faiz azdır.

2016-cı ildən Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Naftalan şəhəri də xərclərini öz gəlirləri hesabına təmin edəcək.

2016-cı ildə dövlət büdcəsinin yerli xərcləri 1 milyon 541,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 112,7 milyon manat və yaxud 6,8 faiz azdır.

Yerli xərclərin 936,8 milyon manatı və yaxud 60,8 faizi təhsil xərclərinə, 213,7 milyon manatı və yaxud 13,9 faizi səhiyyə xərclərinə, 181,4 milyon manatı və yaxud 11,8 faizi mənzil və kommunal təsərrüfatı xərclərinə, 116,7 milyon manatı və yaxud 7,6 faizi icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 74,4 milyon manatı və yaxud 4,8 faizi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclərə, 18,3 milyon manatı və yaxud 1,1 faizi isə digər xərclərə yönəldiləcək.

salamnews

Son xəbərlər
Digər xəbərlər