Gələn ildən etibarən Azərbaycan Gənclər Fondu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birlikdə gənclərin innovativ startap ideyalarının kreditləşməsinə başlayacaq.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.
Onun sözlərinə görə, Gənclər Fondunun vəsaitindən istifadə qaydalarına əsasən kreditləşmə üçün üç fərqli mərhələ nəzərdə tutulur – kiçik, orta və böyük həcmli kreditlərin verilməsi.
“Kreditlər üzrə güzəştli faizlərin tətbiqi nəzərdə tutulur. Bundan başqa, Gənclər Fondunun məşğulluq sahəsində də gənclərə əlavə dəstək mexanizmi mövcuddur ki, bu da iş təcrübəsi olmayan, xüsusilə regionlarda olan gənclərin işə cəlb olunarkən onların əməkhaqqılarının müəyyən müddətə subsidiyalaşdırılmasıdır ki, burada əsas məqsəd həm iş təcrübəsi olmayan gənclərə iş təcrübəsi qazandırmaq, həm də sahibkarları stimullaşdıraraq yeni iş yerlərin açılmasına əlavə töhfə verməkdən ibarətdir. Bu fəaliyyət istiqaməti isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti ilə yeni ildən həyata keçiriləcək”, – deyə F. Cəfərov qeyd edib.
O həmçinin əlavə edib ki, kredit məbləğləri 1 min manatdan 50 min manatadək təşkil edəcək. Faiz dərəcələrinə gəldikdə isə bu dərəcə maksimal olaraq 7% təşkil edəcək.
©APA