“Kölgə iqtisadiyyatı”nın əhatə dairəsinin azaldılması, vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi və uçot intizamının yüksəldilməsi dövlət vergi orqanları qarşısında duran əsas hədəflərdəndir. Bu məqsədlə bazar iştirakçıları arasında əməliyyatların şəffaflaşdırılması və sənədləşdirmə səviyyəsinin qaldırılması baxımından vergi orqanları tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatına əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifəsidir. Vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi, uçot intizamının yaradılması məqsədilə sənədsiz xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması istiqamətində Vergi Məcəlləsinə dəyişikliklər edilib. Belə ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Bununla belə, bəzi sahələrdə faktiki xərclərin çəkilməsinə baxmayaraq, həmin xərclərin sənədlərlə rəsmiləşdirilməsində çətinliklərin mövcudluğunu nəzərə alaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli Qanunun “Keçid müddəaları”nın 2.1-ci maddəsinin müddəalarına görə, sənədlərlə rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması 2025-ci il yanvarın 1-dək 50 faiz rentabellik nəzərə alınmaqla tətbiq olunacaq. 2025-ci ilin yanvarın 1-dən etibarən qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilməyəcək.
Eyni zamanda, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlirin) müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş rentabellik norması aşağı həddə idi ki, bu da öz növbəsində vergi ödəyicilərində uçot aparmağa maraq yaratmır və çəkindirici xarakter daşımırdı. Bununla bağlı, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyənləşdirmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” ləğv edilib. Həmçinin sənədləşdirilməyən xərclərin gəlirdən çıxılmayacağı nəzərə alınaraq, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ləğv edilib.
Nümunə: A MMC tərəfindən vergi orqanına təqdim edilən mənfəət vergisinin hesabatında 120.000 manat gəlir, 100.000 manat xərc əks etdirilib və 4.000 manat mənfəət vergisi hesablanıb. Lakin vergi orqanı tərəfindən kameral vergi yoxlamasında xərclərə dair sənədlərin tələb edilməsi zamanı cəmiyyət tərəfindən gəlirlərin rəsmiləşdirildiyi, lakin xərclərin 30.000 manat hissəsinin sənədlərlə təsdiqini tapdığı, 70.000 manat hissəsinin isə rəsmiləşdirilmədiyi müəyyənləşdirilib.