11 C
Baku
Wednesday, December 11, 2024

Gəlirli əkin növüdür, növbəti ildən isə alış qiyməti artacaq

Ölkəmizdə şəkər çuğunduru sahələrindən məhsul yığımı davam edir. Cari ildə hədəf 225 min ton şəkər çuğunduru tədarük etməkdir. Artıq sahələrdən 80 min tondan çox məhsul yığılıb. Növbəti ildən məhsulun alış qiyməti də artacaq.

Hazırda sahələrdə məhsul yığımı aparılır. Əkin zamanı yüksək məhsuldarlığı ilə seçilən, həm də şəkərlilik faizi çox olan sortlara üstünlük verilib. İmişli Şəkər Zavodunun baş aqronomu Hikmət Cəfərov bildirib ki, bu il 21 rayonu əhatə etməklə 4 770 hektar sahədə çuğundur əkilib və bu günə kimi 1 700 hektar sahədən 86 min ton məhsul yığılıb. Ümumilikdə isə builki hədəf 225 min ton məhsul yığmaqdır.

Sahələrdə məhsul yığımı ilə bərabər, qışlıq çuğundurun səpini də aparılır. 1500 hektar sahədə qışlıq çuğundur əkilməsi nəzərdə tutulub, artıq 300 hektar sahədə səpin işləri yekunlaşıb. Məhsulun alış qiyməti barədə danışan Hikmət Cəfərov deyib: “12 faiz şəkərliliyə görə məhsulun tonu 65 manatdan başlayır və hər artan şəkərlilik faizinə görə 4 manat əlavə ödəniş olunur. Gələn ildən, yəni 2024-cü təsərrüfat ili üçün şəkər çuğundurunun alış qiyməti artacaq və 12 faiz şəkərli çuğundurun hər tonunun qiyməti 69 manat olacaq. Artan hər bir şəkərlilik faizinə görə əlavə 4 manat ödəniş ediləcək”.

Şəkər çuğunduru əkininə fermerlərin də marağı artıb. Uzun illərdir bu sahədə şəkər çuğunduru becərən fermerlərdən biri də Füzuli rayon sakini Mahmud Ağayevdir. O bildirib ki, bu il sahəni yağış üsulu ilə süni şəkildə suvarıb və bu da məhsuldarlığa müsbət təsir edib. “Şəkər çuğunduru gəlirli əkin növüdür. Bir neçə ildir artıq öz sahəmdə şəkər çuğunduru əkirəm. İlk dəfə 5 hektarla başladım, növbəti illərdə sahəni genişləndirdim, hazırda 27 hektar sahədə məhsul becərmişəm. Əvvəlki illərdə adi üsulla – açıq sahəyə su açmaqla suvarırdım, bu isə sahənin qeyri-bərabər su içməsinə gətirib çıxarırdı. Bu il süni yağış üsulu ilə becərdim və çox effektli oldu. Hazırda yığım aparırıq, demək olar ki, hər hektara 65-70 ton məhsul yığılır. Növbəti il üçün sahələri genişləndirməyi nəzərdə tuturam”, – deyə M.Ağayev əlavə edib.

Bölgə üzrə aqronom olan Facət Heydərovun sözlərinə görə, bu il Füzuli rayonu ən çox çuğundur əkilən bölgələr sırasında yer alıb: “Bizim əhatə etdiyimiz 3 rayon var – Füzuli, Beyləqan və Cəbrayıl. Bu rayonlar arasında ən çox çuğundur Füzulidə əkilib – 268 hektar. Cəbrayılda 18 hektar, Beyləqanda isə 11 hektardır. Daha çox məhsuldar olan “Daltos” sortu əkilir ki, onun da şəkərlilik faizi yüksəkdir. İndiyədək Füzulidə 50 hektardan çox sahədə çuğundur yığılıb və hər hektara orta hesabla 55 ton məhsuldarlıq düşür. Şəkərlilik isə 14-15 faiz təşkil edir. Bölgədə yığımla bərabər, növbəti ilin əkini üçün 120 hektar sahə üzrə müqavilə bağlanılıb. Qışlıq çuğundurun əkini üçün isə Beyləqanda 138 hektar sahə üzrə müqavilə bağlanılıb və artıq 78 hektar sahədə əkin aparılıb”.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər