“Gəncəbank” ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlər üzrə kompensasiyaların ödənilməsinə fevralın 4-də başlanacaq. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
A.Cavadovun sözlərinə görə, ümumilikdə 378 əmanətçi kompensasiya alacaq və bu kompensasiyanın məbləği 1,5 mln. manat olacaq.
ADIF rəhbəri kompensasiyaların “Rabitəbank”, “Kapital Bank” və “Unibank” ASC vasitəsilə veriləcəyini də açıqlayıb: “Kompensasiyalar “Rabitəbank”ın Gəncə və Şəmkir filialları, “Unibank” Müştəri Xidmətləri bölməsi, “Kapital Bank”ın Bərdə filialında veriləcək”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 24 yanvar 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib və Banka müvəqqəti inzibatçı təyin edilib.
Report