“Azərbaycan Sənaye Korporasiyası” ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis edilir.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 mln.$ həcmində sərmayə qoyulması nəzərdə tutulur. Bu, 800-dən çox yeni iş yerinin yaradılmasına, alüminium sənayesinin inkişafı, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək.
Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Alpha GmbH” şirkəti arasında birgə müəssisənin təsis və idarə edilməsinə dair müqavilə imzalanıb.
Bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, bu ilin ilk 5 ayında ümumi sənaye istehsalı 3.3%, qeyri-neft sənayesi 14.3% artıb. Qeyri-neft sənaye ixracında isə 47.9% artım qeydə alınıb. Ölkəyə qabaqcıl texnologiyaların, avadanlıqların gətirilməsi, texnoloji strukturun yenilənməsi, sənaye istehsalının artırılması baxımından xarici investisiyalar əhəmiyyətli rola malikdir. Gəncədə həyata keçirilməsi planlaşdırılan yeni alüminium zavodu layihəsi də bu potensialın reallaşdırılması istiqamətində mühüm addımlardandır. Layihənin icrası nəticəsində Avropa və ABŞ bazarlarına rəqabətədavamlı alüminium məhsullarının ixracına şərait yaranacaq.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə və “Achenbach Buschhütten GmbH” şirkətinin prezidenti və baş icraçı direktoru Andre Barten layihə barədə məlumat veriblər. Bu layihənin xammal bazasının 55 min tonu Gəncədə hazırda istehsal olunan ilkin alüminiumdan və yeni qurulacaq təkrar emal istehsal xəttindən əldə ediləcək. Qalan 50 min ton alüminium isə qurulması planlaşdırılan ilkin alüminium istehsalı hesabına təmin ediləcək. Layihənin ümumi investisiya məbləği 451,2 milyon ABŞ dolları, birinci mərhələdə investisiya məbləği isə 132 milyon ABŞ dolları təşkil edir. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 1-ci mərhələdə daha az elektrik tələb edən təkrar emal sahəsi və müvafiq avadanlıqların qurulması, 2-ci mərhələdə isə elektroliz zavodunun tikintisi və istiyayma prosesinin təşkili nəzərdə tutulur.