Azərbaycanda ailə qurmaq istəyən gənclərin əsas problemi mənzillə bağlıdır. Problemin həlli istiqamətində müəyyən addımlar atılsa da hələlik istənilən nəticə əldə olunmayıb..
Düzdür, ipoteka şərtlərinin tezliklə dəyişdirilərək yüngülləşdiriləcəyinə dair məlumatlar verilir, amma bu hələ ki, vəd olaraq qalır. Əslində Azərbaycanda ipoteka kreditlərində struktur dəyişikliyinin olması vacib bir məsələdir. Çünki mövcud ipoteka şərtləri gənc ailələrin hamısına mənzil sahibi olmaq imkanı vermir. Məsələn, gənc ailələr ipoteka krediti götürdükdə ilk ödəniş üçün vəsaiti ödəyə bilmədiklərinə görə bir sıra problemlər yaşayırlar.
Təəssüflər olsun ki, təxminən 9 il bundan öncə ipoteka zəmanət fondunun formalaşdırılması barədə qərar qəbul olunsa da, bu qanuna hələ də əməl olunmayıb. Zəmanət fondunun formalaşdırılması ona görə vacibdir ki, zəmanət fondu imkan verəcək ki, vətəndaş ilkin ödəniş etmədən ipoteka krediti götürmək imkanı qazanacaq. Bu isə hətta az təminatlı ailələrin də ipoteka kreditindən yararlanmasına şərait yaradacaq.
Azərbaycanda ipoteka kreditlərində bir sıra dəyişikliklərin olması ipoteka kreditlərinin verilməsinə görə tələb olunan sənədlərin sayına əsasən dünyada birinci yer tutmasıdır.
Dünyanın heç bir ölkəsində kredit götürmək üçün 18 növ sənəd tələb olunmur. Bu barədə iqtisadçi ekspert Vüqar Bayramov Banker.az saytına verdiyi müsahibədə açıqlama verib.
Digər bir problem isə Azərbaycanda təqdim olunan ipoteka kreditinin faiz dərəcəsinin qonşu ölkələrdən bir neçə dəfə çox olmasıdır. Əlbəttə ki, nəticə olaraq gənclər mənzil sahibi ola bilmirlər. Və hazırkı evsizlik probleminin səviyyəsi Azərbaycanda da Sosial Mənzil Fondunun yaranmasının vacibliyini göstərir.
Əgər dünya praktikasına əsaslansaq Azərbaycanda da Sosial Mənzil Fondunun yaranmasının vacibliyini görürük. Azərbaycanda 2008-ci ildə qəbul olunmuş Mənzil məcəlləsinə əsasən Sosial Mənzil Fondunun yaradılması nəzərdə tutulur. Əslində Sosial Mənzil Fondunun yaradılmasının mahiyyəti ondan ibarətdir ki, verilən dövlət büdcə vəsaitinin hesabına mənzillər inşa olunur. Yəni, dövlət tərəfindən tender elan olunur və sonda qalib gələn şirkət dövlət büdcəsindən ayrılan vəsait hesabına sosial mənzillər tikərək vətəndaşlara təqdim edir. İnşa olunmuş mənzillər bütün xərclər nəzərə alınmaqla uzunmüddətli faizsiz kreditlərlə vətəndaşlara verilir.
Məsələn, Türkiyədə vətəndaşlar ayda cəmi təxminən 80 dollar ödəməklə iki otaqlı sosial mənzillərlə yararlana bilirlər. Belə oxşar praktika Rusiyada da artıq tətbiq olunur. Eyni zamanda da cənubi şərqi Afrika ölkələrində də sosial mənzil fondundan artıq yararlanmağa başlayıblar. Sosial Mənzil Fondunun ipoteka kreditlərindən əsas fərqi odur ki, əgər ipoteka kreditləşməsi tələb artırırsa, bundan fərqli olaraq Sosial Mənzil Fondu isə əvəzində daha çox təklif artırır. Yəni, ipoteka kreditləşməsində vətəndaş kredit vəsaitini götürərək özü mənzil bazarına nəğd pulla daxil olaraq mənzil alır. Və nəticədə vətəndaşların nəğd pulla mənzil bazarına daxil olmalarıına görə bazarda evlərin də qiyməti artır. İpoteka kreditindən fərqli olaraq Sosial Mənzil Fondu tələb yox, yalnız təkliflər təqdim edəcək. Və nəticədə dövlət bazara pulla deyil, mənzillə daxil olacaq. Və dövlət bazara mənzillə daxil olduğu üçün bu göstərici mənzil bazarında tələbin azalması, əvəzində isə təklifin çoxalmasına gətirib çıxaracaq.
Sözsüz ki, bu da mənzil bazarında qiymətlərin aşağı düşməsi və stabilləşməsinə gətirib çıxaracaq. Eyni zamanda da Sosial Mənzil Fondundan yararlanan vətəndaşlar ayda daha az vəsait verirlər. Hələlik Sosial Mənzil Fondunun yaradılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi xüsusi bir layihə hazırlayıb. Güman olunur ki, Sosial Mənzil Fondunun yaradılması ilə bağlı layihə yaxın gələcəkdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Və güman olunur ki, növbəti ildən etibarən Sosial Mənzil Fondunun yaradılması istiqamətində daha real addımlar atılacaq.
Comments are closed.