Müasir dövrdə gənclər həyatın ən fəal, amma eyni zamanda ən həssas dövrlərindən birini yaşayırlar. Təhsil, səyahət, yeni təcrübələr və karyera planları ilə dolu bu mərhələdə, gözlənilməz hadisələrə qarşı maddi və fiziki riskləri artırmış olur. Bu səbəbdən, sığorta məhsulları gənclər üçün təkcə risklərdən mühafizə deyil, həm də dayanıqlı həyat qurmaq üçün mühüm alətə çevrilib.
Sığorta məsələləri üzrə ekspert Emin Allahverdiyev söyləyib ki, gənc vətəndaşlar həyatlarının ən məhsuldar və inkişaf yönümlü dövrünü yaşadıqları üçün onları hər cür riski minimuma endirəcək sığorta alətləri ilə təmin etmək vacibdir. Sığorta məhsulları yalnız gözlənilməz hadisələrin nəticələrini yüngülləşdirmir, eyni zamanda tələbələrə və gənclərə daha inamlı və planlı gələcək qurmaq imkanı verir:
“Gənclər və tələbələr, xüsusilə xarici ölkələrdə təhsil alanlar, müxtəlif risklərlə qarşılaşa bilirlər. Bunlara qəfil xəstəlik, baş vermiş hər hansı bir qəza və ya hüquqi məsuliyyət hallarını sadalamaq olar. Tələbələrin əksər hissəsinin gənclər olduğunu da nəzərə alaraq gənclər və tələbələrin daha çox istifadə etdiyi səyahət (səfər) sığortası, fərdi qəza sığortası, təhsil sığortası və könüllü tibbi sığorta və kredit həyat sığortası kimi sığorta məhsullarını qeyd etmək olar”,
O bildirib ki, xarici ölkəyə təhsil almaq üçün gedən və orda yaşayan şəxsin səyahət (səfər) sığortasından istifadə etməsi onu səyahətdə olduğu müddət ərzində qəfil xəstəliklər və ya qəza nəticəsində tibbi yardımla bağlı xərclərinin qarşılanmasını təmin edəcək. Bundan başqa bu sığorta məhsulu ilə zəruri hallarda tibbi mərkəzlərə və xəstəxanalara təxliyə edilməsi kimi tibbi daşınma xərclərinin də qarşılanması mümkündür:
“Eyni zamanda, səyahət sığortası əldə etmiş şəxs sığorta şəhadətnaməsində aviaşirkətin səhvi ucbatından uçuşunun gecikməsi, baqaj itkisi və ya zədələnməsi üzrə təminatlarda əldə edə bilər. Əslində kifayət qədər geniş təminatlar təqdim edən bu sığorta məhsulunun sığorta haqları verilmiş təminatlara görə aşağı və əlçatandır”
Emin Allahverdiyev söyləyib ki, Şengen ərazisinə 10 günlük bir səfər edən şəxs təxminən 15-20 manat ödəməklə, 30.000,00 avroluq bir təminat əldə edə bilir. Və ya 365 günlük bir təminat üçün Şengen ərazisi üzrə 30.000,00 avroluq bir təminat üçün cəmi 250 manat ödəməklə təminat əldə etmək mümkündür. Təbii ki, bu könüllü sığorta növü olduğu üçün sığorta şirkətlərində sığorta haqları dəyişkən ola bilər.
Bundan başqa şəxsin fərdi qəza sığorta məshulu ilə özünü sığorta etməsi mümkündür ki, bu da 24 saat ərzində şəxsin gözlənilməz hallar nəticəsində sağlamlığına zərər dəyməsi ilə nəticələnən bədbəxt hadisələr üzrə sığortalanmasını mümkün edir. Əlbəttə ki, bu hadisələr bəzən bədən xəsarəti ilə, eyni zamanda şəxsin əmək qabiliyyətinin itirilməsi ilə nəticələnə bilir. Məhz bu sığorta məhsulu əldə edən şəxslər əmək qabiliyyətinin itirilməsi, əlillik və ya ölüm halından sığorta təminatı verir.
Bəzən isə gənclər öz istehlak imkanlarını genişləndirmək və ya öz təhsili ilə əlaqədar yeni imkan və imtiyazlar əldə etmək üçün istehlak kreditlərinə müraciət edir.
Əlbəttə ki, kreditlərin verilmə şərtləri və onların ödənilməsi üzrə öhdəliklər götürən şəxsin bəzən öz öhdəliklərini yerinə yetirə bilməməsi halları da olur. Belə olduğu təqdirdə Kredit həyat sığortası kimi vacib sığorta məhsulu yada düşür. Bu sığorta məhsulu ilə kiçik məbləğlərlə sığorta haqqı ödəməklə, götürülmüş öhdəliklər üzrə kreditin ödənilməsində yaranan çətinliklərdə sığorta mexanizminin araya girməsi və sığorta ödənişi üzrə borcların ödənilməsi təmin edilir. Bu sığorta növünün əsas təminatlarında şəxsin sığorta hadisəsi nəticəsində əmək qabiliyyətinin itirilməsi halları baş verməli və belə məqamlarda şəxs öz öhdəliklərini yerinə yetirə bilməməlidir. Kredit həyat sığortası ölüm və ya əlillik halında, borc alanları və onların ailələrini maliyyə yükündən azad edərək, ödənilməmiş kredit öhdəliklərinin yerinə yetirilməsini təmin edir”.