“Böyük yeddilik” ölkələri 2025-ci ildə Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına 25,5 milyard dollar kredit təqdim ediblər. Bu barədə Ukraynanın Maliyyə Nazirliyi və Avrokomissiyanın məlumatlarında deyilir.
2024-cü ildə G7 dondurulmuş Rusiya aktivlərinin gəlirlərindən istifadə etməklə Kiyevə təxminən 50 milyard dollarlıq kredit ayrılmasını təsdiqləmişdi. Oktyabrın 1-nə olan məlumata görə, bu sxem çərçivəsində dövlətlər artıq Ukraynaya 26,5 milyard dollar köçürüblər.
Keçən ilin sonunda ABŞ ilk olaraq 1 milyard dollar vəsait ayırmışdı, lakin o vaxtdan bəri onlardan yeni köçürmələr barədə məlumat verilməyib. Proqramın digər iştirakçıları vəsaitləri cari ildə köçürməyə başlayıblar. Ən böyük töhfəni Avropa İttifaqı verib – 15,8 milyard dollar. Kanada 3,4 milyard, Yaponiya 3,3 milyard, Böyük Britaniya isə 3 milyard dollar ayırıb.
Oktyabrın 1-də Kopenhagendə keçirilən sammitdə Avropa İttifaqı (Aİ) liderləri Avrokomissiyaya dondurulmuş Rusiya aktivlərinin mümkün müsadirəsinin nəticələrini əlavə olaraq araşdırmağı tapşırıblar. Lakin “Financial Times”ın (FT) yazdığına görə, ayın sonunda Brüsseldə keçiriləcək növbəti görüşdə bu təşəbbüsün müzakirəyə çıxarılması ehtimalı azdır.
Həmin gün Aİ Kiyevə dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına 4 milyard avro məbləğində tranş ayırıb. Bu, “xüsusi makromaliyyə yardımı (MFA)” proqramı çərçivəsində doqquzuncu tranşdır. Həmin məbləğin 2 milyard avrosu Ukrayna ilə Avropa İttifaqı arasında bağlanmış razılaşmaya uyğun olaraq pilotsuz uçuş aparatlarına yönəldiləcək.
Oktyabrın 2-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya əmlakını mənimsəmək cəhdlərinin “cavabsız qalmayacağını” vurğulayıb. Kremlin nümayəndəsi Avropa İttifaqının addımlarını “quldur dəstəsi” ilə müqayisə edib.