G7 ölkələri (ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Fransa, İtaliya və Kanada) 2022-ci ildə Ukraynaya 24 milyard dollar məbləğində əlavə maliyyə yardımı göstərəcək.
Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə G7-nin maliyyə nazirlərinin görüşünün yekunlarına dair bəyanatında deyilir.
Eyni zamanda maliyyə nazirləri beynəlxalq təşkilatları və forumları Rusiya ilə fəaliyyətlərini “adi rejimdə” həyata keçirməməyə çağırıblar.
Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 17-sində G7 ölkələrinə 50 milyard dollar məbləğində maliyyə yardımı göstərmək istəyi ilə müraciət edib. Ukrayna liderinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenkonun sözlərinə görə, hazırda Ukrayna üçün ən prioritet məsələlər iqtisadiyyatın bərpası və xarici maliyyənin cəlb edilməsidir.
Qərb ölkələri və beynəlxalq təşkilatlar Rusiyanın müharibəsi fonunda Ukraynaya maliyyə yardımını artırıb. Belə ki, mart ayında ABŞ Senatı Ukraynaya təxminən 13.6 milyard dollar məbləğində humanitar, hərbi və iqtisadi yardımı nəzərdə tutan hökumət xərcləri paketini təsdiqləyib.
Fevral ayının sonunda Böyük Britaniya Ukraynaya 500 milyon dollar məbləğində kredit verməyə hazır olduğunu açıqlamışdı. Hesablamalara görə, Avropa İttifaqı Kiyevin humanitar ehtiyaclarına 143 milyon avro xərcləyib.