G7 xarici işlər nazirləri Ukraynaya dəstəyi davam etdirmək və Rusiyaya qarşı sanksiyaları saxlamaq, habelə məhdudlaşdırıcı tədbirlərə əməl olunmasına nəzarəti gücləndirmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Onlar bu barədə Yaponiyanın Karuizava qəsəbəsində (Naqano prefekturası) keçirilən G7 xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna ətrafında vəziyyətə həsr olunmuş sessiyada bildiriblər.
“Böyük yeddilik Rusiyaya qarşı sərt sanksiyaları davam etdirəcəyini, həmçinin Ukraynaya güclü dəstəyi davam etdirəcəyini təsdiqləyib”, – bəyanatda qeyd olunub.
Bundan əlavə, onlar “sanksiyalardan yayınma ilə mübarizə və üçüncü ölkələr tərəfindən Rusiyaya silah tədarükünə qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər”.
Bununla bağlı Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi iclasa sədrlik edərək, “Qlobal Cənub ölkələri də daxil olmaqla, ölkələrlə əməkdaşlığın gücləndirilməsinin” vacibliyini qeyd edib. Belə ki, bu inkişaf etməkdə olan dövlətlər neytral mövqe tutaraq Moskvaya qarşı sanksiya siyasətinə qoşulmurlar.
G7 xarici işlər nazirləri Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını da pisləyib. Hayasi, bununla əlaqədar olaraq bu qərarın vəziyyətin daha da gərginləşməsinə səbəb olacağı fikrini ifadə edib.