Cənubi Koreya şirkəti “Samsung Electronics” 25 fevralda keçiriləcək Galaxy Unpacked təqdimatında flaqman smartfonların yeni nəsli olan Galaxy S26 seriyasını təqdim edəcək. “WinFuture”in məlumatına görə, xəttə üç model daxil olacaq — Galaxy S26, Galaxy S26+ və Galaxy S26 Ultra. Əvvəlki nəsillə müqayisədə ciddi aparat dəyişiklikləri gözlənilmir, əsas yeniliklər proqram təminatı sahəsində olacaq.
Galaxy S26 və S26+ modelləri performans baxımından Snapdragon 8 Elite Gen 5 səviyyəsinə yaxın Exynos 2600 prosessoru ilə təchiz ediləcək. Galaxy S26 Ultra isə Snapdragon çipi alacaq. Seriyadakı bütün cihazlar 12 GB operativ yaddaş və 256 və ya 512 GB daxili yaddaşla gələcək. Ultra versiyası 1 TB-a qədər yaddaş və 16 GB operativ yaddaş təklif edəcək.







