Banker.az-a daha çox daxil olan suallardan biridə məhz Azərbaycan Kredit Bürosundan (və ya köhnə adı MKR) gecikmələrin silinməsi ilə bağlıdır. Oxucular, bu sistemdə adlarına düşən gecikmə günlərinə görə banklardan və ya digər kredit təşkilatlarından kredit götürə bilmirlər. Bu səbəbdən bu gecimə günlərindən yaxa qurtarmağın yollarını axtarırlar. Qısaca olaraq onu bildirək ki, gecikmə günlərinin sistemdən sildirilməsi mümkün deyil. Kredit tarixçəsinin (həmçinin gecikməsi olan kreditin) sistemdən avtomatik bağlanması yalnız bağlı olduğu halda 7 ildən sonra baş verir.
Lakin bu məsələnin yumşaldılması istiqamətində müəyyən addımlar atmaq mümkündür. Bizim bu məsələ ilə bağlı tövsiyyələrimiz aşağıdakılardan ibarətdir.
- Gecikmə düşmüş kreditləri bağlamaq. Adətən belə kreditlərin qalıq məbləği elədə böyük məbləğdə olmur. Borcalan sadəcə xırda məbləğin qalmağını bilmir, bank isə xırda məbləğə görə işin üstünə düşmür– bu səbəbdən gecikmələr uzun müddət hesablanmaqda davam edir, o zaman ki müştəri bundan xəbər tutur. Odur ki, belə krediti bağlamaq imkanına maliksinizsə o zaman onu bağlamağı tövsiyyə edirik. Qeyd edək ki, bəzi banklarda əgər kredit bağlıdırsa, o kredit üzrə gecikmə günləri nəzərə almaya bilər.
- Kredit tarixçənizi yaxşılaşdırın. Gecikmə günləri ilə korlanmış tarixçənin kredit götürmək üçün şanslarını artırmağın yeganə yollarından biridə məhz kredit tarixçəsinin yaxşılaşdırmasıdır. Bunun üçün siz, davamlı olaraq xırda və orta məbləğdə kredit götürməli və onları vaxtında ödəməlisiniz ki, sizin sistemdə olan daxili reytinqiniz yüksəlsin.
- Gecikmə texniki səbəbdən baş veribsə bankdan bununla bağlı arayış alın. Bəzən olur ki, müştərinin gecikmələri onun tərəfindən yox, məhz bankın texniki problemi tərəfindən baş verir və ya hansısa digər fors major hallarla bağlı olur. Belə hal olduqda çalışın bankdan bununla bağlı arayış alın. Digər banklar bu arayışı bəzən nəzərə alırlar.