“Genesis” şirkəti Çinin Şanxay şəhərindəki avtosalonunda ilk elektrikli avtomobilini təqdim edib – sedan “G80”.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
20 aprel tarixində əldə edilən press-relizə görə, 87.2 kVt / saat tutumlu batareya sayəsində bu model bir şarjla 427 km məsafə qət edə bilir. Bundan əlavə, akkumulyatoru 80%-dək şarj etmək üçün cəmi 22 dəqiqə vaxt tələb olunur.
Avtomobil 370 at gücündə olan iki elektrik mühərriklə təchiz edilib. Sedan yerindən 96 km / saata cəmi 4.9 saniyəyə sürətlənir. Eyni zamanda elektromobil çoxsaylı ən müasir texnoloji həllərə sahibdir, xüsusilə günəş panelləri elektrik enerji toplamağa və səmərəliyi artırmağa imkan verir.
Elektrikli avtomobilin salonu həm təbii, həm də təkrar emal edilmiş materiallardan hazırlanıb: arxa oturacaqlardakı təbii dəri, qabaq panel, ağac qırıntılarından istehsal edilən “ekoağac”, o cümlədən plastik butulkalardan hazırlanan “ekoliflər”.
Xatırladaq ki, 26 noyabrda şirkət test üçün “G70” modelinin yeni “Shooting Brake” versiyasını təqdim etmişdir. O, “Audi A4”, “Mercedes-Benz C-class” və “BMW 3-Series” kimi modellərə rəqib olacaq.