Dünyanın ən iri foto agentliklərindən olan “Getty İmages” rəqabət qanunvericiliyinə zidd addımlar atmaqda ittiham etdiyi “Google” ilə bağlı Avropa Komissiyasına şikayət edəcək.
Agentlik xüsusən “Google”un 2013-cü ildə öz axtarış sistemində tətbiq etdiyi dəyişikliklə yüksək keyfiyyətli fotolara çıxış əldə etdiyini bildirib. “Getty İmages” hesab edir ki, “Google”un tam ekran və yüksək həllə malik fotoları yayması müəllif hüquqlarını pozur və onların içinə ziyan vurur. Bundan başqa, bu tip fotoları “Google”da tapan insanlar onları ilk yayan saytlara daxil olmaqdan vaz keçir ki, bu da müəlliflərə zərbədir.
Qeyd edək ki, “Google” 2013-cü ilə qədər fotoları kiçik ölçüdə və yüksək həllə malik olmayan formatda yayırdı. Lakin daha sonra “Google” keyfiyyət dəyişikliyinə gedərək yüksək həllə malik iri fotolar da yaymağa başlayıb.
“Getty İmages” böyük foto bankına malikdir və 70 milyona yaxın fotoya sahibdir. Fotolar müştərilərə həm ödənişli (Rights Managed), həm də ödənişsiz (Royalty Free) lisenziya əsasında təqdim olunur. 2014-cü ilin martında şirkət öz fotolarının böyük hissəsini sərbəst istifadə üçün açdığını elan edib.