“Getty Images” şirkətinin səhmləri 22 iyun 2026-cı ildə premarket ticarətində bir ara 200%-dən çox bahalaşıb. Bakı vaxtı ilə saat 14:26-ya olan məlumata görə, artım tempi 166%-ə qədər zəifləyib və bir səhm 1,05 dollar səviyyəsində ticarət olunub.
Bloomberg”in məlumatına görə, səhmlərin kəskin bahalaşmasına səbəb “Getty Images” ilə “OpenAI” arasında bağlanan lisenziya sazişi olub. Razılaşmaya əsasən, “Getty Images”in foto kitabxanasındakı şəkillər “ChatGPT”nin cavablarında göstəriləcək.
Tərəflər müqavilənin maliyyə şərtlərini açıqlamayıblar. Həmçinin “Getty Images”in şəkillərinin “OpenAI” modellərinin təlimində istifadə olunub-olunmayacağı məlum deyil.
“Bloomberg” qeyd edir ki, 2026-cı ilin əvvəlindən “Getty Images”in səhmləri 55% ucuzlaşmışdı. İnvestorlar süni intellekt texnologiyalarının realistik təsvirlər yaratmaq imkanlarının fotobankların biznesinin bir hissəsini əvəz edə biləcəyindən ehtiyat edirdilər.
Xatırladaq ki, “Getty Images” 2022-ci ilin sentyabrında istifadəçilərə neyroşəbəkələr tərəfindən yaradılmış şəkilləri platformaya yükləməyi və satmağı qadağan etmişdi. Şirkət bu addımı müəllif hüquqlarının pozulması ilə bağlı mümkün hüquqi risklərdən özünü və müştərilərini qorumaq məqsədilə atmışdı.







