“Global DTC Pte Ltd” şirkəti Orta Dəhliz marşrutu boyunca karbon emissiyalarının monitorinqini həyata keçirəcək.
Bunu şirkətin baş direktorunun müavini Alua Satıbaldiyeva Bakıda keçirilən “Orta Dəhliz: Xəzər dənizi ilə kommunikasiyalar” mövzusunda dəyirmi masanın kuluarlarında bildirib.
“COP29-da biz üç iştirakçı -“PSA International”, “Global DTC” və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası – ilə niyyət bəyannaməsi imzaladıq. PSA-nın sertifikatlaşdırılmış “op-tracker” aləti mövcuddur. Bu alət vasitəsilə marşrut boyunca CO₂ tullantılarını izləməyi planlaşdırırıq. Hazırda iki əsas emissiya xəttini – minimum və maksimum səviyyələri – hesablamaq üçün dəmir yolları, limanlar və gəmiçilik şirkətlərini prosesə tədricən cəlb edirik”, – deyə A. Satıbaldiyeva bildirib.
O qeyd edib ki, Orta Dəhliz artıq “yaşıl marşrut” hesab olunsa da, obyektiv qiymətləndirmə üçün ekoloji parametrlərin dəqiq müəyyən edilməsi vacibdir: “Emissiyaların şəffaf şəkildə izlənilməsi əlavə yükdaşımaların cəlb edilməsinə dəstək ola bilər”.
Xatırladaq ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən mühüm nəqliyyat marşrutudur. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması barədə saziş imzalayıb.
2024-cü ildə TBNM üzrə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. Görülən tədbirlər nəticəsində 2027-ci ilə qədər Orta Dəhlizin illik yükötürmə qabiliyyətinin 10 milyon tona qədər artırılması planlaşdırılır.