Yarımkeçirici çatışmazlığının davam etməsi səbəbindən avtomobil istehsalçıları yenidən tədarükü yavaşlatmaq məcburiyyətindədirlər.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Məsələn, “General Motors” cümə axşamı günü Şimali Amerikadakı 15 avtomobil yığma zavodundan səkkizində istehsalın iki həftəlik dayandırıldığını açıqlayıb. “Ford” da həmçinin Kanzas-Siti və ABŞ-da yerləşən daha iki zavodda istehsalı müvəqqəti olaraq dayandırdığını bildirib.
Xatırladaq ki, bu yaxınlarda “Volkswagen” və “Toyota” da çip çatışmazlığı səbəbindən istehsalın azalması ilə bağlı xəbərdarlıq ediblər. Avtomobil istehsalçıları ilin əvvəlində yarımkeçiricilərin çatışmazlığı ilə üzləşiblər ki, bu da bəzi markalı avtomobillərin istehsalına ciddi təsir göstərib. “J.D. Power” şirkətinin hesablamalarına görə, təkcə ABŞ-da avqust ayında avtomobil satışları 18% azalıb, orta qiymət isə rekord 41 min dollara çatıb. Mütəxəssislərin proqnozlarına görə, çip çatışmazlığı 2023-cü ilə qədər davam edə bilər.