“Golden Pay” rəhbəri hədiyyə yarışı narazılığına aydınlıq gətirdi

Məlumat verdiyimiz kimi, Golden Pay üzərindən sığorta satışı sığortaçılar arasında narazılıq yaradıb.

Qeyd edilir ki, sığortaçıların narazılığı ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarının monitorinqini aparıb.

Monitorinq zamanı icbari sığorta müqavilələrinin bağlanması üçün məlumatların əldə edilməsi məqsədilə Golden Pay ASC tərəfindən 1 fevral – 1 mart 2018-ci il tarixlərində keçirilən hədiyyəli yarışın qanunsuz olduğu barədə açıqlama verib.

Golden Pay şirkətinin rəhbəri Fərid İsmayılzadə məsələyə aydınlıq gətirib.

Fərid İsmayılzadə deyib ki, xəbərdarlıq məktubunda qeyd edilən qanun sığorta məhsulunun satışına görə endirim və ya hədiyyənin verilməsini qadağan edir, bazanın toplanmasına görə deyil.

Şirkət rəhbəri bildirib ki, Palatanın məktubunu, planlaşdırdıqları əməkdaşlıqları və böyük layihələri nəzərə alaraq kampaniyanı dayandırıblar:

“Gün ərzində çox məşğul olmuşam deyə, Maliyyə Bazarlarına Nəzarət Palatasının etdiyi xəbərdarlığı barədə indi fikir söyləyə bilirəm. Əlbəttə, buna sevinənlər və bununla bağlı çox narahat olan dostlarım var. Bildirmək istəyirəm ki, xəbərdarlıq məktubunda qeyd edilən qanun sığorta məhsulunun satışına görə endirim və ya hədiyyənin verilməsini qadağan edir, bazanın toplanmasına görə deyil. İstənilən halda, Palatanın məktubunu, planlaşdırdığımız əməkdaşlıqları və böyük layihələri nəzərə alaraq kampaniyanı dayandırırıq. Məlumdur ki, biz ölkədə nağdsız ödənişlərin inkişafına hansı töhvəni vermişik və verməkdə davam edirik. Ölkədə nağdsız ödənişlərin inkişafına ölkə rəhbərliyi səviyyəsində dəstək göstərilir. Əminəm ki, ölkəmizdə sığortanın online satışı sürətlə inkişaf edəcək və Palata da bu məsələdə zəruri dəstəyini davam etdirəcəkdir”.