“Golden Pay” ASC 2021-ci ili 1 milyon 411 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə şirkətin mənfəəti 715 min manat olub ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Golden Pay” ASC-nin gəlirləri 8 milyon 397 min manat (əvvəlki ilə nisbətən 58% çox), faiz xərcləri 13 min 750 manat (əvvəlki ilə nisbətən 2 dəfə az) təşkil edib.
2021-ci ildə “Golden Pay”ın aktivləri 4 milyon 159 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 38% artım deməkdir. Hesabat dövründə şirkətin öhdəlikləri 14% azalaraq 1 milyon 691 min manat, kapitalı isə 2 dəfə artaraq 2 milyon 468 min manat olub.
Qeyd edək ki, Şirkət 2008-ci ildən tam hazırlıqlı formada fəaliyyətə başlamışdı. 2011-ci ildə şirkət tərəfindən “hesab.az” adlı ödəmə portalı yaradılmışdır. Golden Pay şirkəti səhmlərin kütləvi satışını təşkil etmək məqsədilə 14 mart, 2014-cü il tarixində təşkilati hüquqi formasını Məhdud Məsuliyyətli Cəmiyyətindən Açıq Səhmdar Cəmiyyətinə dəyişdirmişdir.