“Goldman Sachs” iqtisadçıları ABŞ-da bir il ərzində mümkün tənəzzüllə bağlı proqnozlarına düzəliş ediblər. “Reuters” yazır ki, əvvəlki proqnozda göstərilən 20% əvəzinə, analitiklər indi bu ehtimalı 15% olaraq qiymətləndirirlər.
Bankın analitikləri Əmək Nazirliyinin ötən cümə günü, oktyabrın 4-də yaydığı son hesabatdan sonra proqnoza düzəlişlər ediblər. Sentyabrda altı ayda ən yüksək iş artımı qeydə alınıb və ABŞ-də işsizlik nisbəti 4.1%-ə düşüb.
“Goldman Sachs”ın baş iqtisadçısı Jan Hatzius bildirir ki, sentyabr ayı üzrə hesabat “əmək bazarına baxışı dəyişdirib” və əmək tələbinin “işsizlik səviyyəsinin artmasının qarşısını almaq üçün çox tez zəifləməsi” ilə bağlı narahatlıqları aradan qaldırıb.
Avqust ayına qədər “Goldman Sachs”ın iqtisadçıları təxminən bir il ərzində ABŞ-də tənəzzül şansını 15% səviyyəsində qiymətləndiriblər. Avqustun əvvəlində analitiklər proqnozlarını kəskin şəkildə pisləşdirərək, iyul ayında dərc olunan zəif iqtisadi göstəricilərə görə 25%-ə qaldırıblar. Bununla belə, artıq avqustun ortalarında iqtisadçılar proqnozlarını 20%-ə endiriblər.