Generativ süni intellektin inkişafı inkişaf etmiş iqtisadiyyatlarda iş yerlərinin 25%-nin tam avtomatlaşdırılmasına gətirib çıxara bilər, “Goldman Sachs” proqnozlaşdırır. Bu barədə “Financial Times” investisiya bankının araşdırmasına istinadən xəbər verir.
Generativ AI – orijinal məzmun yaratmaq üçün maşın öyrənmə modellərindən istifadə edən süni intellekt növüdür. İstifadəçi sorğuları əsasında mətn yarada bilən “ChatGPT” çat-botu və ya inandırıcı təsvirlər yaradan “DALL-E” neyron şəbəkəsi bu prinsip əsasında işləyir.
Bu texnologiyaların gələcək inkişafı, “Goldman Sachs”ın proqnozuna görə, 10 il ərzində qlobal ÜDM-in ildə 7% artımına səbəb olacaq məhsuldarlıq bumuna gətirib çıxara bilər. Bununla belə, bu, həm də əmək bazarı üçün “əhəmiyyətli sarsıntılar” deməkdir, tədqiqatda deyilir.
Bank analitikləri süni intellektin ABŞ və Avropada 300 milyon iş yerini tam avtomatlaşdıra biləcəyini gözləyirlər. Ən çox vəkillər və inzibati işçilər iş yerlərini itirmək riski ilə üz-üzədirlər.
Tədqiqatda deyilir ki, ABŞ-da süni intellekt sahəsində irəliləyiş fiziki əməklə işləyənlərin yalnız 30%-nə təsir etməyəcək, 63%-i iş tapşırıqlarının bir hissəsini avtomatlaşdıra biləcək, 7%-i isə işdən çıxarılma riski ilə üzləşəcək.
“Goldman Sachs” ekspertləri generativ süni intellektdən istifadənin artması ilə yanaşı, bu texnologiyalara investisiyaların həcminin də əhəmiyyətli dərəcədə artacağını gözləyirlər. Onların proqnozuna görə, əgər süni intellektə korporativ sərmayələr 1990-cı illərdə proqram təminatına qoyulan sərmayə ilə eyni sürətlə artmaqda davam edərsə, o zaman 2030-cu ilə qədər təkcə ABŞ-a investisiyalar ölkənin ÜDM-nin 1%-nə yaxınlaşa bilər.