Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondundan (BVF) sonra “Goldman Sachs” investisiya bankı da Rusiyanın 2016-cı il üçün ÜDM proqnozunu azaldıb. ABŞ-ın investisiya bankı bundan əvvəlki proqnozunda Rusiya iqtisadiyyatının cari ildə 1,5% artacağını proqnozlaşdırsa da, daha sonra proqnozunu 0,5%-ə azaldıb. Bankın yeni hesabatına görə, Rusiya iqtisadiyyatı yalnız 2017-ci ilin ilk rübündə 1,5% artıma nail ola biləcək.
Sənəddə, həmçinin bildirilib ki, Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) sərt monetar siyasətini sürdürməyə davam edib. Keçən il monetar siyasətini yumşaltmağa çalışan Rusiya Bankı avqust ayında prosesi dayandırıb. Bankın fikrincə, monetar siyasət iyun ayında 0,5 bənd yumşaldılacaq və 2017-ci ilin ortalarına qədər ümumilikdə 5 bənd azaldılacaq. Qeyd edək ki, hazırda Rusiyada uçot dərəcəsi 11% təşkil edir.
Bir neçə gün əvvəl DB da Rusiyanın 2016-cı il üçün ÜDM proqnozunu azaldaraq -1,9%-ə endirib. Bundan əvvəlki hesabatda (dekabr, 2005-ci il) Bankın proqnozu -0,7% təşkil edib.
BVF da bir az əvvəl yenidən Rusiya iqtisadiyyatı ilə bağlı proqnozlarını azaldıb. Yeni proqnoza görə, Rusiya iqtisadiyyatı 2016-cı ildə 1,8% azalacaq, 2017-ci ildə isə 0,8% artacaq. Əvvəlki, yanvar hesabatında isə BVF bu il iqtisadiyyatın 1% azalacağını, 2017-ci ildə isə 1% artacağını ehtimal edib.
Qeyd edək ki, Rusiya Bankı neft qiymətlərinin 30 dollar/barelə yaxın olması halında iqtisadiyyatın 2016-cı ildə 1,3-1,5% azalacağını proqnozlaşdırır. Ötən il isə Rusiya iqtisadiyyatı 3,7% azalıb.
Report