“Goldman Sachs Group” transmilli investisiya bankının iqtisadçıları bu il ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini artırılmasına dair beş dəfə qərar verəcəyini düşünür.
Belə ki, Yan Hatziusun rəhbərlik etdiyi iqtisadçılar qrupu hesab edir ki, ABŞ-ın maliyyə requlyatoru federal kredit vəsaitləri üzrə faiz dərəcəsinin hər qərarda 25 baza bəndi (0,25 faiz bəndi) artıraraq, ilin sonuna 1,25%-1,5% səviyyəsinə çatdıracaq. Sözügedən qərarların mart, may, iyul, sentyabr və dekabr aylarında veriləcəyi gözlənilir.
“Bank of America Corporation” bu il FED-dən faiz artımı üzrə dörd qərar, “JPMorgan Chase & Co” və “Deutsche Bank AG” isə artım üzrə beş qərar gözləyir.
Xatırladaq ki, bu həftə FED-in sədri Cerom Pauel son açıqlamasında bildirmişdi ki, artan inflyasiya fonunda faiz dərəcəsinin 50 baza bəndi (0,5 faiz bəndi) yüksəldilməsi istisna olunmur.
Hazırda FED-in federal kredit vəsaitləri üzrə faiz dərəcəsi illik 0%-0,25% səviyyəsindədir. Bundan əlavə, ABŞ-da inflyasiyanın pikə nə zaman çatacağı bilinmədiyindən FED-in faiz artımları ilə nə qədər irəli gedəcəyi qeyri-müəyyəndir.
Qeyd edək ki, ABŞ-ın maliyyə requlyatorunun gözlənildiyindən daha qəti addımları ölkədə geniş əsaslı əməkhaqqı inflyasiyası və ya davamlı təchizat problemləri fonunda daha sürətli inflyasiya üçün gözləntilər gücləndiyi halda baş verə bilər.