İnvestisiya bankı “Goldman Sachs” qlobal neft qiymətləri ilə bağlı proqnozunu yüksəldib. Bank 2026-cı ilin IV rübü üçün “Brent” markalı neftin qiyməti üzrə proqnozunu 6 dollar artıraraq 60 dollara çatdırıb. “West Texas Intermediate” (WTI) markası üzrə proqnoz da 6 dollar yüksəldilərək bir barel üçün 56 dollar müəyyən edilib. Bununla belə, bu göstəricilər hələ də mövcud orta qiymətlərdən təxminən 10 dollar aşağıdır.
Bu il “Brent” markalı neftin qiyməti əsasən ABŞ və İran arasında genişmiqyaslı hərbi münaqişə riskinin artması fonunda təxminən 17% bahalaşıb. Belə bir münaqişə Yaxın Şərqdən enerji daşıyıcılarının tədarükündə fasilələrə səbəb ola bilər. Halbuki bir neçə ay əvvəl gözlənilən təklif artığının qiymətləri aşağı salacağı proqnozlaşdırılırdı. “Goldman Sachs” bildirib ki, İranla bağlı tədarük problemlərinin yaranmayacağını əsas ssenari kimi qəbul edir və bu il üçün profisit proqnozunu qüvvədə saxlayır.
Bankın analitikləri qeyd ediblər ki, OECD ölkələrində neft ehtiyatlarının artımı “yetərsiz” səviyyədədir. “2026-cı ili təklif artımının son sıçrayış ili kimi qiymətləndirdiyimiz üçün həmin il üzrə qiymət proqnozlarımız hələ də zəif olaraq qalır, lakin 2028-ci ildən etibarən qiymətlər nəzərəçarpacaq dərəcədə yüksələcək”, – deyə bildirilib.
“Goldman”ın proqnozuna görə, bu il qlobal ehtiyatların gözlənilən artımının 19%-i OECD ölkələrinin kommersiya ehtiyatlarının payına düşəcək. Halbuki əvvəlki qiymətləndirmədə bu göstərici 27% idi. Eyni zamanda, profisitin təxminən dörddə biri açıq dənizdə saxlanılan Rusiya və İran neftinin payına düşəcək. Dünyanın əsas qiymət mərkəzlərində ehtiyatların artmadığını nəzərə alan bank, OPEC+ ölkələrinin hasilatı ikinci rübdə tədricən artıracağını gözləyir.
“Goldman Sachs” hesab edir ki, bu il neft qiymətlərində ehtimal olunan enişdən sonra fyuçerslər 2027-ci ildə tədricən bərpa olunacaq. Gələn il Brent markalı neftin orta qiyməti 65 dollar, WTI markasının isə 61 dollar təşkil edəcək. Buna səbəb kimi tələbin sabit qalması və təklif artımının zəifləməsi göstərilir.






