“Goldman Sachs” analitikləri qızılın qiyməti ilə bağlı yeni proqnoz açıqlayıblar. Proqnoza görə, 2026-cı ilin dekabrına qədər qızılın bir unsiyasının dəyəri 4300 dollardan 4900 dollara yüksələcək.
“Biz hesab edirik ki, qızılın qiymətinə dair artım yönümlü proqnozumuz üçün risklər hələ də yuxarı istiqamətlidir. Çünki özəl sektorun nisbətən kiçik qızıl bazarına yönəlməsi ETF ehtiyatlarının faiz dərəcələrini nəzərə alan hesablamalarımızdan daha çox artmasına səbəb ola bilər”, – deyə şirkətdən bildirilib.
7 oktyabr tarixində qızılın bir unsiyasının qiyməti ticarət zamanı tarixi rekorda çataraq 4000 dolları keçib. Dekabr fyuçersləri 0,6% artaraq maksimumda 4000,05 dollar olub.
Qızıla tələbin artması ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) fonunda baş verib. Bu, son yeddi ildə ilk belə hadisədir. 1 oktyabrdan ölkədə yeni maliyyə ili üçün büdcə qəbul edilmədiyindən dövlət qurumlarının maliyyələşdirilməsi rəsmi olaraq dayandırılıb. Dövlət qulluqçularının əksəriyyəti ödənişsiz məzuniyyətə göndərilib, yalnız həyati vacib sahələrin əməkdaşları maaş almadan işləməyə davam ediblər.
“Reuters” yazır ki, konqresin palataları arasında kompromis əlamətlərinin olmaması investorları qızılı “təhlükəsiz liman” kimi görməyə vadar edir.