İlin sonunda bazar artımı zəifləmə əlamətləri göstərmədiyi üçün “Goldman Sachs”ın analitiki David Kostin və komandası ABŞ-ın S&P 500 indeksi ilə bağlı proqnozunu yüksəldib, “Bloomberg” yazır.
David Kostin deyir ki, S&P 500 indeksi 2024-cü ilin sonuna kimi 5100 bəndə çata bilər. Onun fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini yumşaltmaq istəyi aşağı istehlak qiymətləri ilə birlikdə real investisiya gəlirlərinin azalmasına səbəb olacaq, lakin eyni zamanda səhmlərin qiymətləndirilməsi dəstək alacaq.
“Goldman Sachs”ın hazırkı proqnozu “Bank of America Corp” və “Oppenheimer Asset Management”in gözləntilərinə uyğundur. Onlar həmçinin indeksin 2024-cü ildə zirvəyə çatacağını gözləyirlər.
“Business Insider” qeyd edib ki, Uoll-Strit üzrə ən nikbin proqnoz “Yardeni Research” konsaltinq agentliyinin prezidenti Ed Yardeni verib. O, S&P 500-ün 2024-cü ilin sonunda 5400, 2025-ci ilin sonunda isə 5800 bəndə çatacağını gözləyir. Xatırladaq ki, S&P 500 dekabrın 15-də 4719.19 səviyyəsində olub.