“Goldman Sachs Group”un verdiyi məlumata görə, neftin qiymətinin artması onun bazardakı kəsiri fonunda davam edir.
Banker.az xəbər verir ki, ekspertlər 2022-ci ilin üçüncü rübündə “Brent” markalı neftinin 100 dollar/barel səviyyəsinə qalxacağını gözləyirlər.
Analitiklər 2022-ci ilin üçüncü və dördüncü rübləri üçün “Brent” neftinin qiyməti ilə bağlı proqnozlarını 100 dollara qaldırıblar. Qeyd olunur ki, 2022-ci ildə bu markalı neftin qiyməti ilə bağlı proqnoz 81 dollardan 96 dollara, 2023-cü ildə isə 85 dollardan 105 dollara artırılıb.
Ekspertlərin fikrincə, 2021-ci ilin noyabr-2022-ci ilin yanvar aylarında neft bazarında təklif çatışmazlığı sutkada 0.5 milyon barel təşkil edib ki, bu da bankın proqnozlarından daha pis olub. Goldman Sachs bunu neftə tələbatın artması, eləcə də bir sıra OPEC+ ölkələrində neft hasilatının azalması və Çində yüksək sənaye aktivliyi ilə izah edib.
ABŞ Energetika Nazirliyi “Brent” neftinin 2022-ci ildə orta hesabla 75 dollar/barel, 2023-cü ildə isə 68 dollar/barel olacağını proqnozlaşdırıb.