Dünən və bu gün dünya bazarında neftin qiyməti daha da artıb və Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 110,6, WTI markalı neftin qiyməti isə 98,05 dollaradək yüksəlib. Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti isə 122 dollara çatıb. Azərbaycanın hasil etdiyi neft az kükürdlü və emala çox yararlı olduğu üçün digər markalardan baha satılır.
Sutka ərzində neftin qiymətinin 1,91 faiz artması bu tendensiyanın hələ davam edəcəyini deməyə əsas verir. ABŞ-ın “Goldman Sachs” bankının analitikləri hesab edirlər ki, neftin qiyməti 2027-ci ilə kimi nəinki 100 dollar ətrafında qalacaq, hətta 2008-ci ildəki kimi 1 barelin qiyməti 147 dollara kimi yüksələ bilər. Bankın hesabatında qeyd olunub ki, təchizatdakı problemlər davam etsə, qiymət artımı tarixi maksimuma çatacaq. Təchizatdakı problem isə Hörmüz boğazının bağlanması ilə əlaqədardır. Lakin təchizat problemi zəncirvarı formada digər problemləri də yaradır. Belə ki, Yaxın Şərq ölkələrində (Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, İraq) hasil olunan neft Hörmüz boğazının İran tərəfindən bağlandığına görə nəql olunmur. Anbarlar, terminallar və tankerlər neftlə dolu qalıb və hasil olunan nefti saxlamağa yer tapılmır ki, bu da öz növbəsində hasilatın dayandırılmasını şərtləndirir. Quyulardan neft çıxarılmasının dayandırılması da böyük problemə gətirib çıxarır. Sonradan həmin quyunun bərpası həm çətindir, həm də çox baha başa gəlir.
İraq fors-major vəziyyətin yarandığını elan edib. Rəsmi Bağdad bildirib ki, sifarişlər hərbi əməliyyatdan (İrandakı müharibə – red.) əvvəl qəbul edilib və həmin sifarişlərə uyğun olaraq neft tədarük olunub. Lakin hərbi əməliyyatlar neftin daşınmasına imkan vermir.
Dünya bazarının neftə olan tələbatının 20 faizini ödəyən Küveyt və Səudiyyə Ərəbistanı da nəinki nefti ixrac edə bilmir, üstəlik bu ölkələrdəki neft sənayesinin infrastrukturu İranın raket zərbələrinə məruz qalır. Bu səbəbdən də istər neft emalı zavodları, istərsə də neft yataqları fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar.






