11 C
Baku
Wednesday, November 13, 2024

Gömrük Komitəsinin sabiq idarə rəisinin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra F.Məmmədlin vəkili Gülşən Salmanova vəsatət qaldırıb.

Məhkəmə vəsatətin müzakirəsi növbəti iclasa saxlanılıb.

Vəkil Ülkər Yusifova təqsirləndirilən A.Atanurun müdafiəyəsinə yeni qoşulduğunu bildirib. O, cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin hazırlıq iclası fevralın 11-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

©Report

Son xəbərlər
Digər xəbərlər