12 C
Baku
Saturday, November 23, 2024

Gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış kodeksi təsdiqlənib

Azərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi təsdiqlənib.

Banker.az xəbər verir ki, sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiya qərarı ilə təsdiqlənib. Sənədə DGK-nin sədri Şahin Bağırov imza atıb.

Bu kodeks Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanıb və DGK Aparatında və strukturuna daxil olan gömrük orqanları və qurumlarında xidmət keçən xüsusi rütbəli vəzifəli şəxslərə, habelə gömrük orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan əməkdaşlara şamil edilir.

Ümumi olaraq qeyd edilir ki, hər bir gömrük orqanı əməkdaşı qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış tələblərini rəhbər tutaraq bu Kodeksin müddəalarını öyrənməli və ona əməl etməlidir.


3-33_3-2-000001_2023-“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGİYA QƏRARI

№ 3-33/3-2-000001/2023
Bakı şəhəri
“03”noyabr 2023-cü il

“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 27.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq,

qərara alır:

  1. “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” təsdiq edilsin (əlavə olunur).
  2. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 2012-ci il 30 yanvar tarixli 01/03 nömrəli Qərarı ləğv edilsin.
  3. Hüquqi Təminat İdarəsi Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
  4. Qərar aidiyyəti üzrə göndərilsin.

Kollegiyanın sədri   Şahin Bağırov

Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin Kollegiyasının
“3” noyabr 2023-cü il tarixli 3-33/3-2-000001/2023
nömrəli Qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası gömrük orqanlarının
vəzifəli şəxslərinin Etik Davranış Kodeksi

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi (bundan sonra – Kodeks) gömrük orqanı əməkdaşının etik davranış qaydalarını və onlara  əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Fəsil 1. Ümumi müddəalar

  1. Kodeksin əhatə dairəsi

1.1. Bu Kodeks Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra – Gömrük Məcəlləsi) 53.9-cu maddəsinə və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 352-IIIQ nömrəli Qanununun 21.2.8-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aparatında və strukturuna daxil olan gömrük orqanları və qurumlarında (bundan sonra – gömrük orqanları) xidmət keçən xüsusi rütbəli vəzifəli şəxslərə, habelə gömrük orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan əməkdaşlara (bundan sonra – gömrük orqanı əməkdaşları) şamil edilir.

1.2. Hər bir gömrük orqanı əməkdaşı qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış tələblərini rəhbər tutaraq bu Kodeksin müddəalarını öyrənməli və ona əməl etməlidir.

  1. Kodeksin məqsədləri

2.1. Bu Kodeksin məqsədləri aşağıdakılardır:

2.1.1. gömrük orqanlarının və gömrük orqanlarında xidmətin nüfuzunun artırılması,  şəxslərin gömrük orqanlarına və gömrük orqanı əməkdaşlarına etimadının yüksəldilməsi;

2.1.2. gömrük orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

2.1.3. gömrük orqanlarında korrupsiyanın, o cümlədən gömrük orqanı əməkdaşlarının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;

2.1.4. gömrük orqanı əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə bağlı gözlənilən davranışları barədə hüquqi və fiziki şəxslərin öncədən məlumatlandırılması;

2.1.5. gömrük orqanı əməkdaşlarının Azərbaycan Respublikasının Konstitusiyasına, qanunvericiliyinə riayət etməsinə və xidməti vəzifələrini layiqincə yerinə yetirməsinə sövq edilməsi.

  1. Gömrük orqanı əməkdaşının xidməti davranışının hüquqi tənzimlənməsi

3.1. Gömrük orqanı əməkdaşının xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Gömrük orqanı əməkdaşının xidməti davranışı bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.

3.2. Gömrük orqanı əməkdaşının xidməti davranışı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Kodeksə və digər normativ-hüquqi aktlara uyğun olaraq tənzimlənir.

  1. Gömrük orqanlarında etik dəyərlər

4.1. Gömrük orqanlarının fəaliyyəti və gömrük orqanı əməkdaşının xidməti fəaliyyəti aşağıdakı dəyərlər əsas tutulmaqla həyata keçirilir:

4.1.1. dövlətçilik və ictimai mənafeyin qorunması – dövlətçiliyə yüksək hörmət nümayiş etdirilməsi, dövlətin maraqlarının və nüfuzunun uca tutulması, ictimai mənafeyin gözlənilməsi;

4.1.2. korrupsiyaya qarşı mübarizəyə dəstək – dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinə dəstək olmaqla səlahiyyətləri çərçivəsində bilavasitə korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması;

4.1.3. nümunəvilik – xidməti və xidmətdənkənar vaxtlarda hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət olunması, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin lazımi səviyyədə icra edilməsi;

4.1.4. məsuliyyətlilik – vəzifə funksiyalarına məsuliyyətlə yanaşaraq onların vaxtında və keyfiyyətlə icra edilməsi, zəruri bilik və bacarıqların mütəmadi olaraq inkişaf etdirilməsi;

4.1.5. birlik və əməkdaşlıq – dövlətin gömrük siyasətinin, gömrük orqanlarının əsas məqsəd və vəzifələrinin lazımi səviyyədə icrasında hər bir əməkdaşın rolunu dərk etməsi, bu siyasət, məqsəd və vəzifələr üçün birgə səy nümayiş etdirilməsi, əməkdaşlıq və qarşılıqlı köməklik şəklində fəaliyyət göstərilməsi.

Fəsil 2. Etik davranış qaydaları

  1. Vicdanlı davranış

5.1. Fiziki və hüquqi şəxslərin, cəmiyyətin və dövlətin maraqları naminə gömrük orqanı əməkdaşı öz xidməti vəzifələrini səmərəli və ədalətlə yerinə yetirməyə borcludur.

5.2. Gömrük orqanı əməkdaşı bütün hallarda cəmiyyət üçün vicdanlılıq nümunəsi olmalıdır.

  1. Dürüstlük

Gömrük orqanı əməkdaşı öz vəzifələrini qanunvericiliyin tələblərini və bu Kodeks ilə müəyyən edilmiş etik davranış qaydalarını rəhbər tutmaqla icra etməli, həmkarları və digər şəxslərlə münasibətlərdə səmimi olmalı, həqiqəti söyləməklə riyakarlıqdan qaçmalı, qanuni və ədalətli qərar və hərəkətləri ilə düzgün mövqe nümayiş etdirməlidir.

  1. Qərəzsizlik

7.1. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənsubiyyətinə, əmlak vəziyyətinə və xidmət sahəsinə, əqidəsinə, ictimai və hər hansı digər birliyə mənsubiyyətinə görə şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsinə şərait yaradılmasına yol verməməlidir.

7.2. Gömrük orqanı əməkdaşı ailə üzvlərinin, qohumlarının, dostlarının, habelə sosial və digər münasibətlərinin onun xidməti fəaliyyətinə təsir etməsinə yol verməməlidir.

  1. İctimai etimad

8.1. Gömrük orqanı əməkdaşı Azərbaycan Respublikasının gömrük orqanlarının nüfuzunu, öz adını və şərəfini uca tutmağa borcludur.

8.2. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə işlədiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

8.3. Gömrük orqanı əməkdaşı etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

8.4. Gömrük orqanı əməkdaşı etik davranış normalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa səy göstərməyə, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

  1. Mədəni davranış

9.1. Gömrük orqanı əməkdaşı gömrük orqanına müraciət edən şəxslərlə və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı ünsiyyətdə olduğu, eləcə də bilavasitə və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə, o cümlədən həmkarları ilə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

9.2. Gömrük orqanı əməkdaşı xidmətlə əlaqədar ünsiyyətdə olduğu hər bir şəxslə hörmətlə, işgüzar etiket qaydalarına uyğun şəkildə davranmalıdır.

  1. Loyallıq

10.1. Gömrük orqanı əməkdaşı onun xidməti vəzifəsinə aid olmadığı hallarda, gömrük və digər dövlət orqanlarının və onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai müzakirələrin aparılmasından və mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda gömrük orqanı əməkdaşının elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

10.2. Gömrük orqanı əməkdaşı ona xüsusi səlahiyyət verilmiş hallar istisna olmaqla açıq çıxışlar etməkdən çəkinməlidir.

10.3. Gömrük orqanı əməkdaşı xidmət keçmə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.

 

  1. Fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin qanuni maraqlarına hörmət

11.1. Gömrük orqanı əməkdaşının fəaliyyəti fiziki şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.

11.2. Gömrük orqanı əməkdaşı fiziki şəxslərin hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

11.3. Gömrük orqanı əməkdaşı fiziki şəxslərin hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni maraqlarının təmin olunması, qorunması və müdafiəsi ilə bağlı vəzifə borclarını layiqincə yerinə yetirməlidir.

  1. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

12.1. Gömrük orqanı əməkdaşı öz xidməti fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıqla yerinə yetirməyə borcludur.

12.2. Gömrük orqanı əməkdaşı özünün bilik və bacarıqlarını daim inkişaf etdirməli, xidməti vəzifələrinin icrası zamanı ona həvalə olunmuş tapşırıqları hərtərəfli öyrənməli, təhlil etməli, düzgün planlaşdırmalı, icrasını vaxtında və tələb olunan səviyyədə təmin etməlidir.

12.3. Gömrük orqanı əməkdaşı özünə qarşı tələbkar olmalı, üzərinə düşən vəzifələri vaxtında və vicdanla yerinə yetirməli, süründürməçilik hallarına yol verməməlidir.

12.4. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, digər qanunvericilik aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş insan hüquq və azadlıqlarına dair prinsip və normalara yaxından bələd olmalıdır.

12.5. Gömrük orqanı əməkdaşı gömrük işi sahəsində biliklərini və peşəkarlıq səviyyəsini artırmaq üçün daim çalışmalı, milli qanunvericilikdə və beynəlxalq hüquqda olan yenilikləri izləməli və üzərinə düşən vəzifələrin məsuliyyətini hər zaman dərk etməlidir.

  1. Korrupsiyanın qarşısının alınması

13.1. Gömrük orqanı əməkdaşının qanunsuz olaraq birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizliklər) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

13.2. Gömrük orqanı əməkdaşına qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, əməkdaş bu təkliflərdən imtina etməlidir.

13.3. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər gömrük orqanı əməkdaşına ondan asılı olmayan səbəblərdən verilərsə o, bu barədə bilavasitə rəhbərinə məlumat verməli,  maddi və sair nemətləri gömrük orqanına akt üzrə təhvil verməlidir.

13.4. Tərəflərdən birinin gömrük orqanı olduğu əqdlər üzrə gömrük orqanı əməkdaşı digər tərəf ola bilməz.

  1. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

14.1. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, yaxud bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü, eləcə də digər şəxslər üçün tələb və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin icrasına təsir etməmək şərtilə kiçik hədiyyələrin qəbul edilməsinə və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.

14.2. Gömrük orqanı əməkdaşı hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bilavasitə rəhbərinin rəyini öyrənməlidir.

14.3. Gömrük orqanı əməkdaşı öz xidməti mövqeyindən istifadə edərək, gömrük sərhədini keçməklə xarici ölkələrə gedən şəxslərdən özü və ya digər şəxslər üçün hər hansı bir əşyanın gətirilməsini tələb və ya sifariş edə bilməz.

14.4. Gömrük orqanı əməkdaşı regional, beynəlxalq və digər xarici tədbirlərdə iştirak edərkən digər ölkələrin və ya beynəlxalq təşkilatların nümayəndələri tərəfindən mövcud protokol və etiket qaydalarına görə ona verilən hədiyyələri qəbul etdiyi hallarda bu barədə dərhal onunla birlikdə səfərdə olan nümayəndə heyətinin rəhbərinə, tək ezam olunduğu halda isə ezamiyyətdən geri qayıtdıqdan sonra bilavasitə rəhbərinə məlumat verməlidir.

  1. Maraqların toqquşmasının qarşısının alınması

15.1. Gömrük orqanı əməkdaşı xidmət etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli, qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

15.2. Gömrük orqanı əməkdaşının xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi və ya yarandığı hallarda o, həmin maraqların xarakteri barədə bilavasitə rəhbərinə məlumat verməyə borcludur.

15.3. Maraqların toqquşması barədə məlumat verilmiş struktur bölmənin rəhbəri maraqların toqquşmasının qarşısının alınması istiqamətində öz səlahiyyətləri daxilində aşağıdakı tədbirlərin birinin və ya bir neçəsinin görülməsini təmin etməlidir:

15.3.1. maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb olan və ya səbəb ola biləcək vəzifə funksiyalarının digər əməkdaşlara həvalə edilməsi;

15.3.2. maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb olan və ya səbəb ola biləcək xidməti vəzifələrin dəyişdirilməsi;

15.3.3. müraciət etmiş gömrük orqanı əməkdaşının öz razılığı ilə digər analoji vəzifəyə keçirilməsi.

15.4. Gömrük orqanı əməkdaşı başqa vəzifəyə keçirilməsi ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə gömrük orqanının rəhbərinə məlumat verməlidir.

15.5. Vəzifəli şəxslərin yaxın qohumları bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

 

  1. Xidməti vəsaitlərdən və əmlakdan istifadə

 

Gömrük orqanı əməkdaşının dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin əməkdaş tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

  1. Məlumatlardan istifadə

17.1. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası ilə bağlı, habelə fəaliyyəti dövründə ona məlum olan dövlət sirrinin və əldə edilməsi qanunla məhdudlaşdırılan digər informasiyanın qorunmasına cavabdehdir.

17.2. Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası zamanı əldə etdiyi məlumatları digər məqsədlər üçün istifadə etməməli, istifadəsində olan ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış xidməti elektron informasiya vasitələrindəki məlumatları qorumalı, xidməti istifadəsindəki şifrələri digər şəxslərə verməməli və digər şəxslərin xidməti istifadəsindəki şifrələrdən istifadə etməməlidir.

17.3. Gömrük orqanı əməkdaşı bu Kodeksin 17.2-ci bəndində qeyd olunan məlumatların məxfiliyi pozulduqda dərhal bu barədə bilavasitə və ya yuxarı rəhbərinə məlumat verməli və həmin şifrənin istifadəsi dayandırılmalıdır.

17.4. Gömrük orqanı əməkdaşı gömük orqanları tərəfindən məxfi rejimdə xarici ticarət iştirakçılarına təqdim olunmuş şifrələrdən (parollardan) istifadə etməməli, həmin məlumatların məxfiliyi rejiminə əməl etməli, ona məlum olan kommersiya sirrini qorumalıdır.

17.5. Gömrük orqanı əməkdaşı xidmət etdiyi gömrük orqanının sərəncamında olan və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 2005-ci il 30 sentyabr tarixli 1024-IIQ nömrəli Qanununa əsasən açıq informasiyaya aid edilmiş məlumatların əldə olunmasının və yayılmasının mümkünlüyünü səlahiyyətləri daxilində təmin etməlidir.

17.6. Gömrük orqanı əməkdaşı xidməti informasiyanın təqdim edilməsi üzrə qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl etməli, gömrük orqanlarının və qurumlarının fəaliyyəti ilə əlaqədar məlumatları bilavasitə və ya yuxarı rəhbərinin icazəsi olmadan digər şəxslərə, o cümlədən media subyektlərinə verməməlidir.

  1. Siyasi və ictimai fəaliyyət

18.1. Gömrük orqanı əməkdaşı həmkarlar ittifaqları istisna olmaqla heç bir seçkili və ya digər təyinatlı vəzifə tuta, siyasi fəaliyyətlə məşğul ola bilməz.

18.2. Gömrük orqanı əməkdaşı siyasi partiyalara və ya təşkilatlara üzv olmamalı, siyasi aksiyalarda iştirak etməməli, siyasi partiyalara maddi və ya digər şəkildə dəstək verməməli, təbliğat və təşviqatla məşğul olmamalıdır.

18.3. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, gömrük orqanı əməkdaşı ictimai birliyə üzv olmaq, o cümlədən həmkarlar təşkilatında birləşmək hüququna malikdir.

18.4. Gömrük orqanı əməkdaşına gömrük orqanlarında həmkarlar ittifaqları istisna olmaqla ictimai və siyasi birliklərin, dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

  1. Zorakılıq və qısnama təzahürlərinin yolverilməzliyi

19.1. Xidməti və ya xidmətdənkənar münasibətlərdən asılı olmayaraq gömrük orqanı əməkdaşı tərəfindən zorakılıq və qısnama təzahürlərinə yol verilməsi qadağandır.

19.2. Gömrük orqanı əməkdaşının xidməti münasibətlərdə olan işçini, xidməti və xidmətdənkənar fəaliyyəti ilə əlaqədar digər şəxsləri alçaldan və təhqir edən əmələ, seksual qısnamaya, cinsi mənsubiyyətdən irəli gələn ayrı-seçkiliyə məruz qoyması yolverilməzdir.

19.3. Gömrük orqanı əməkdaşı hər hansı şəxsə qarşı seksual qısnamaya, yəni şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə, ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışa yol verməməli, təhrik etməməli və belə davranışa üçüncü şəxslər tərəfindən yol verilməsinə şərait yaratmamalıdır.

19.4. Gömrük orqanı əməkdaşı ona qarşı yol verilmiş zorakılıq və qısnama təzahürləri, eləcə də narahatlıq doğuran digər hallar barədə bilavasitə və ya yuxarı rəhbərinə məlumat verməlidir.

19.5. Seksual qısnamaya, habelə zorakılıq və qısnamanın digər təzahürlərinə, eləcə də narahatlıq doğuran digər hallara görə şikayət etmiş gömrük orqanı əməkdaşına təzyiq göstərilməsinə və ya onun təqib olunmasına yol verilməməlidir.

  1. Vətəndaşlarla münasibətlərin xüsusiyyətləri

20.1. Gömrük orqanı əməkdaşı vətəndaşları qəbul edərkən onları diqqətlə dinləməli, hüquq və vəzifələrini izah etməli, qanunvericiliyin tələblərinə uyğun olaraq problemin həlli yolunu göstərməlidir.

20.2. Gömrük orqanı əməkdaşı vətəndaşlarla ünsiyyət zamanı süründürməçilik hallarına yol verməməli və gömrük orqanlarına olan etimadın möhkəmləndirilməsinə çalışmalıdır.

20.3. Gömrük orqanı əməkdaşı xidmətin aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına səbəb ola biləcək məlumatların konfidensiallığını təmin etməlidir.

20.4. Gömrük orqanı əməkdaşı qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlarla ünsiyyət qurulmasına zərurət yarandığı hallarda bu ünsiyyətin gömrük orqanlarının inzibati binasında aparılmasına üstünlük verməlidir.

  1. Gömrük orqanı əməkdaşları ilə münasibətlərin xüsusiyyətləri

21.1. Gömrük orqanı əməkdaşı həmkarları ilə qarşılıqlı hörmət və işgüzar yardıma əsaslanan münasibət qurmalı, bir-birinə qarşı qərəzli münasibətin təzahürlərindən çəkinməli və bütün səylərini kollektiv birliyin qorunmasına yönəltməlidir.

21.2. Gömrük orqanı əməkdaşının həmkarlarının işindəki nöqsanlara münasibəti obyektiv yanaşmanı əks etdirməklə, özündə hörmət, dözümlülük, təmkinlilik və nəzakətliliyi ehtiva etməlidir.

21.3. Gömrük orqanı əməkdaşı həmkarlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsini dəstəkləməli və maneə yaratmamalıdır.

21.4. Gömrük orqanı əməkdaşı rəhbərliklə xidməti münasibətlərində subordinasiyaya, bilavasitə və ya yuxarı rəhbərinə qarşı münasibətdə tabelik qaydalarına riayət etməli və tabeliyində olan işçilərə qarşı nəzakətli, diqqətli və qayğıkeş olmalı, vəzifə səlahiyyətlərindən irəli gələn üstünlüyünü nümayiş etdirməməlidir.

  1. Digər dövlət orqanları (qurumları) ilə münasibətlərin xüsusiyyətləri

22.1. Gömrük orqanı əməkdaşı digər dövlət orqanları (qurumları) ilə qanunvericiliklə müəyyən edilmiş hüquqlar, vəzifələr və səlahiyyətlər çərçivəsində münasibət yaratmalıdır.

22.2. Gömrük orqanı əməkdaşı öz səlahiyyətləri çərçivəsində gömrük işi sahəsində dövlət siyasətinin və tənzimlənməsinin səmərəli həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada digər dövlət orqanları ilə faydalı əməkdaşlığın inkişaf etdirilməsində iştirak etməlidir.

22.3. Gömrük orqanı əməkdaşı digər dövlət orqanları (qurumları) ilə münasibətlər zamanı qanunvericiliklə ona verilmiş imtiyaz və səlahiyyətləri nümayiş etdirməməli, əməkdaşlıqdan şəxsi məqsədləri üçün istifadə etməməlidir.

  1. Media ilə münasibətlərin xüsusiyyətləri

23.1. Gömrük orqanı əməkdaşı medianın gömrük fəaliyyətini işıqlandırmaq istəyinə hörmətlə yanaşmalı, media subyektlərinin dürüst və obyektiv məlumat almaq hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmamalıdır.

23.2. Gömrük orqanı əməkdaşının mediada yayımlanmış çıxışları (yazılı və ya şifahi) gömrük orqanlarının mövqeyini əks etdirdiyindən həmin məlumatlar etibarlı və balanslaşdırılmış olmalı, müzakirələr hüquq normalarına xələl gətirmədən aparılmalı, mediada çıxışlar yalnız gömrük orqanlarının həmin sahə ilə bağlı fəaliyyəti həyata keçirən struktur bölmələri  ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Çıxışlar aydın, səlis və lakonik olmaqla Azərbaycan dilinin leksik, qrammatik və fonetik normalarına uyğun olmalıdır.

23.3. Gömrük orqanı əməkdaşı mediada çıxış edərkən aşağıdakı qaydalara riayət etməlidir:

23.3.1. onun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı rəsmi açıqlamalardan, mühakimələrdən və qiymətləndirmələrdən çəkinməli, qanunvericiliklə müəyyən edilmiş qaydada məxfi məlumatların verilməsinə dair tələblərə riayət etməli, konfidensial və yayılması məhdudlaşdırılan digər məlumatları açıqlamamalı;

23.3.2. maraqların toqquşmasına səbəb ola biləcək siyasi, dini, irqi, milli, cinsi, sosial ayrı-seçkiliyi, o cümlədən düşmənçilik və ədavəti ifadə edən çıxışlara yol verməməli;

23.3.3 mediada etdiyi çıxışının yarada biləcəyi riskləri  nəzərə almaqla, istifadə etdiyi sözlərin məzmununu və məlumatların mətnini düzgün seçməlidir.

  1. Beynəlxalq işgüzar münasibətlərin xüsusiyyətləri

24.1. Gömrük orqanı əməkdaşı vəzifələrinin icrasından irəli gəldiyi hallarda və  bilavasitə rəhbərinin göstərişi ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində digər dövlətlərin gömrük orqanları, habelə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsində iştirak edir, bu proseslərdə iştirak edən həmkarlarına qanunvericiliklə müəyyən edilmiş qaydada hərtərəfli kömək göstərir.

24.2.  Gömrük orqanı əməkdaşı rəsmi nümayəndə heyətinin tərkibində və ya tək xarici ölkələrə ezam olunduqda ezamiyyə məqsədlərinə, o cümlədən iştirakçısı olduğu beynəlxalq tədbirin proqramına və  işgüzar geyim qaydalarına riayət etməli, olduğu xarici ölkənin adət-ənənələrini, milli dəyərlərini, əxlaq və birgəyaşayış qaydaları gözləməli, Azərbaycan Respublikasının, təmsil etdiyi gömrük orqanının adına xələl gətirə biləcək əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verməməlidir.

Fəsil 3. Xidməti və xidmətdənkənar davranış

  1. Gömrük orqanı əməkdaşının xidməti davranışına dair digər tələblər

25.1. Gömrük orqanının əməkdaşı xidməti davranışı zamanı aşağıdakılara əməl etməlidir:

25.1.1. xidmətlə bağlı bütün çətinliklərə qarşı əzmkar olmalı, xidməti vəzifəsini yerinə yetirərkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməli;

25.1.2. gömrük orqanlarında müəyyən olunmuş gündəlik iş və ya növbə qrafikinə, o cümlədən xidməti zərurətlə əlaqədar tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib-getməli, üzrlü səbəbdən xidmət yerinə gələ bilməyəcəyi və ya gecikəcəyi hallarda dərhal bu barədə bilavasitə rəhbərini məlumatlandırmalı, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, bilavasitə rəhbərinin icazəsi olmadan xidmət yerini tərk etməməli və onun ilk çağırışı ilə, fövqəladə hallar baş verdikdə isə çağırışsız xidmət yerinə gəlməli;

25.1.3. özünə və həmkarlarına qarşı tələbkar olmalı, bu Kodekslə müəyyən edilmiş tələblərin hər hansı bir əməkdaş tərəfindən pozulması halları ilə qarşılaşdıqda, onların aradan qaldırılması üçün zəruri tədbirlər görməli;

25.1.4. xidməti fəaliyyətlə bağlı aparılan icraat zamanı verilən sualları tam və səmimi cavablandırmalı, araşdırma ilə əlaqədar məxfi məlumatlar istisna olmaqla ona məlum olan məlumatları tam şəkildə açıqlamalı, obyektivliyin təmin edilməsinə hərtərəfli köməklik göstərməli;

25.1.5. xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məsələlərə müdaxilə etməməli, digər əməkdaşların səlahiyyətlərinə aid və onların icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli gəlməyən məsələlərə maraq göstərməməli və müdaxilə etməməli;

25.1.6. müzakirə mərhələsində olan və bu barədə müvafiq qərar qəbul edilməyən məsələlərlə bağlı açıqlamalar verməməli, icraatında olan işlərin icrasına buna səlahiyyəti olmayan əməkdaşlar tərəfindən müdaxilə edilməsinin qarşısını almalı;

25.1.7. müəmmalı həyat tərzi keçirən, o cümlədən, qaçaqmalçılıq və gömrük qanunvericiliyinin pozulması hallarına görə məhkum olunmuş və mütəmadi bu işlərlə məşğul olan şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamalı, şəxsi münasibətlər qurmamalı, onlarla hər hansı bir sövdələşməyə getməməli;

25.1.8. anket məlumatlarında özü və ailə üzvləri haqqında məlumatları düzgün göstərməli, heç bir faktı gizlətməməli, anket məlumatlarında dəyişikliklər baş verdikdə dərhal bu barədə xidmət etdiyi orqanın rəhbərini məlumatlandırmalı;

25.1.9. xidməti geyim formasını müəyyən edilmiş qaydalara uyğun şəkildə, şərəf və ləyaqətlə, səliqəli və qüsursuz daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı;

25.1.10. hərbi salamlaşma qaydalarına riayət etməlidir.

 

  1. Gömrük orqanı əməkdaşının xidmətdənkənar davranışının xüsusiyyətləri

26.1. Gömrük orqanı əməkdaşı şəxsi həyatında ümumi qəbul edilmiş milli əxlaq, ictimai davranış normalarına əməl etməli və onun xidmətdənkənar davranışı peşə nüfuzuna xələl gətirməməlidir.

26.2. Gömrük orqanı əməkdaşı xidməti geyim formasını, xidməti silahını və əmlakını nümayiş etdirməklə şəxslərə qanunsuz təsir göstərməməli, onlardan sui-istifadə hallarına yol verməməli, iş vaxtından kənar müddətdə ictimai yerlərdə xüsusi geyim formasından istifadəyə məhdudiyyətlər qoymalıdır.

26.3. Gömrük orqanı əməkdaşı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd olunan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına yol verməməlidir.

 

  1. Dini fəaliyyət

 

27.1. Gömrük orqanı əməkdaşının dinə etiqadını sərbəst müəyyən etmək hüququ vardır.

27.2. Gömrük orqanı əməkdaşı hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşmalıdır.

27.3. Gömrük orqanı əməkdaşı öz dini mənsubiyyətini açıq şəkildə təbliğ etməməlidir.

27.4. Dini fəaliyyətlə əlaqədar gömrük orqanı əməkdaşı aşağıdakı qaydalara əməl etməlidir:

27.4.1. hər hansı dini təşkilatın üzvü olmamalı, dini təşkilat və ya təsisatlara maddi və ya digər şəkildə dəstək verməməli və belə dəstək almamalı;

27.4.2. həmkarlarını dini təşkilat və ya təsisatın fəaliyyətində iştiraka təhrik etməməli;

27.4.3. dini təşkilatların yaradılmasına yardım etməməli;

27.4.4. dini ayinləri icra edərkən və dini mərasimlərdə iştirak edərkən ictimai qaydanı pozmamalı və ictimai əxlaqa zidd davranış sərgiləməməlidir.

  1. Elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti

28.1. Elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq gömrük orqanı əməkdaşının hüququdur.

28.2. Gömrük orqanı əməkdaşı elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olarkən aşağıdakı qaydalara əməl etməlidir:

28.2.1. qanunvericiliklə müəyyən edilmiş məxfi məlumatları açıqlamamalı, habelə xidməti fəaliyyəti ilə əlaqədar ona məlum olmuş məlumatların konfidensiallığını qorumalı;

28.2.2. həmin fəaliyyətin həyata keçirilməsi gömrük orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmamalıdır.

  1. Sosial mediada davranış məsələləri

29.1. Gömrük orqanı əməkdaşı fərdi sosial media hesablarından istifadə edərkən üzərinə düşən məsuliyyət və öhdəlikləri, sosial medianın potensial təhlükələrini nəzərə almalı, bu məqsədlə gömrük orqanlarının cəmiyyətdəki nüfuzuna xələl gətirən hərəkətlərdən yayınmalı, maraqların toqquşmasına səbəb ola biləcək, eləcə də konfidensial məlumatların açıqlanmasına yol verməməlidir.

29.2. Gömrük orqanı əməkdaşı tərəfindən gömrük orqanlarına məxsus elektron poçt ünvanlarından fərdi sosial media hesablarının yaradılması və ya şəxsi kommunikasiyaları üçün istifadə edilməsi qadağandır.

29.3. Gömrük orqanı əməkdaşı sosial media hesablarından istifadə zamanı paylaşımlar etdikdə aşağıdakı qaydalara riayət etməlidir:

29.3.1. öz fərdi media hesablarında gömrük orqanlarının rəmzlərindən, rəsmi emblemindən istifadə etməməli, xüsusi geyim formasında və xidmət yerinə aid olan foto və ya videogörüntülərini sosial media hesablarında yerləşdirməməli, gündəlik iş prosesi ilə əlaqədar halları və məlumatları sosial mediada yaymamalı;

29.3.2. fərdi sosial media hesablarında iş yeri və vəzifəsi barədə detallı məlumatlar qeyd olunmamalı, gömrük orqanlarının fəaliyyətinə aid paylaşdıqları məlumatlar isə orqanın rəsmi veb-saytı və ya sosial media platformalarında rəsmi paylaşılan məlumatlardan artıq olmamalı;

29.3.3. fərdi sosial media hesablarında siyasi, dini, irqi, milli, cinsi, sosial ayrı-seçkilik, o cümlədən düşmənçilik və ədavəti ifadə edən və xidməti vəzifələrinin qərəzli icra edilməsi təəssüratı yaradan mətnlər, audio və videomateriallar, təsvirlər paylaşmamalı, bu tipli paylaşım və şərhləri bəyənməməli və şərhlər yazmamalı;

29.3.4. digər sosial şəbəkə istifadəçiləri tərəfindən edilmiş paylaşımları bəyənərkən və ya şərh edərkən bu şərh və bəyənmələrin geniş yayılma potensialına xüsusi diqqət yetirməli, onların ciddi nəticələr yaratma imkanını nəzərə almalı, sözlərini və məlumatların məzmununu düzgün seçməlidir.

 

FƏSİL 4 Nəzarət və məsuliyyət

  1. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

30.1. Gömrük orqanlarında bu Kodeks ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət olunmasına nəzarət aşağıda göstərilən qaydada həyata keçirilir:

30.1.1. cari nəzarət;

30.1.2. ümumi nəzarət.

30.2. Bu Kodeksin 30.1.1-ci yarımbəndində nəzərdə tutulmuş nəzarət bilavasitə rəhbərlər, gömrük orqanlarının rəhbərləri, Komitənin daxili təhlükəsizlik sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsi tərəfindən öz səlahiyyətləri çərçivəsində həyata keçirilir.

30.3. Bu Kodeksin 30.1.2-ci yarımbəndində nəzərdə tutulmuş nəzarət etik davranış məsələləri üzrə məsul şəxs tərəfindən öz səlahiyyətləri çərçivəsində həyata keçirilir.

 

  1. Etik davranış qaydalarına əməl olunmasına cari nəzarət

 

31.1. Cari nəzarət üzrə bilavasitə rəhbərlər, gömrük orqanlarının rəhbərləri bu Kodeksin tələblərinə əməl olunması məqsədilə aşağıdakı tədbirləri həyata keçirməlidir:

31.1.1. tabeliyində olan əməkdaşların xidməti davranışlarının bu Kodeksə uyğunluğuna gündəlik nəzarət etməli və onun təhlilini aparmalı;

31.1.2. tabeliyində olan əməkdaşlara etik davranış qaydalarını izah etməli və etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməli;

31.1.3. tabeliyində olan əməkdaşların xidməti vəzifələrinin həcmini nəzərə alaraq, tutduqları vəzifələrə uyğun vəzifə bölgüsü aparmalı;

31.1.4. etik davranış qaydalarının pozulmasının, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsinin qarşısının alınması üzrə tədbirlər görməli və bu tədbirlər barədə hər il yanvar ayının 31-dən gec olmayaraq Komitənin etik davranış məsələləri üzrə məsul şəxsinə məlumat verməli;

31.1.5. tabeliyində olan gömrük orqanı əməkdaşlarının əməyinin qiymətləndirilməsində ədalətli və obyektiv olmalı;

31.1.6. tabeliyindəki şəxsləri hüquqazidd, ümumi qəbul edilmiş etik normalara uyğun olmayan qərarlar qəbul etməyə və hərəkətlərə sövq etməməli;

31.1.7. şəxsi münasibətlər zəminində kadrların seçilməsi və yerləşdirilməsi ilə bağlı təkliflərə yol verməməli;

31.1.8. öz xidməti davranışları ilə bu Kodeksin tələblərinə əməl edilməsinə nümunə olmalı;

31.1.9. gömrük orqanı əməkdaşı tərəfindən bu Kodeksin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirləri müəyyən etməli;

31.1.10. etik davranış qaydalarının pozulmasına görə intizam tənbehinin tətbiqi ilə bağlı səlahiyyəti daxilində məsələ qaldırmalı;

31.1.11. bu Kodeksin tələblərinin pozulmasının nəticələrinin aradan qaldırılması, habelə gömrük orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməli;

31.1.12. bu Kodeksə əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

31.2. Cari nəzarət üzrə Komitənin daxili təhlükəsizlik sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsi bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına əməl olunması məqsədilə aşağıdakı tədbirləri görür:

31.2.1. bu Kodeksin tələblərinin pozulması barədə müraciətləri və şikayətləri qəbul edir;

31.2.2. bu Kodeksin müddəalarının pozulması barədə daxil olmuş məlumatları araşdırır;

31.2.3. bu Kodeksin tələblərinin pozulması faktı müəyyən olunduqda, pozuntuya yol vermiş əməkdaş barəsində tətbiq ediləcək intizam tənbehinin növü ilə bağlı etik davranış məsələləri üzrə məsul şəxsin rəyini alır və intizam xətası törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün rəhbər vəzifəli şəxs qarşısında vəsatət qaldırır;

31.2.4. daxil olan müraciət və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təklif və tövsiyə verir;

31.2.5. etik davranış qaydalarının təkmilləşdirilməsinə dair təkliflər verir;

31.2.6. intizam icraatı zamanı gömrük orqanı əməkdaşı tərəfindən törədilmiş əməldə inzibati, mülki və ya cinayət xarakterli hüquqpozma tərkibinin əlamətləri aşkar edildikdə, toplanmış materialların baxılması üçün aidiyyəti orqanlara göndərilməsini təmin edir.

  1. Etik davranış qaydalarına əməl olunmasına ümumi nəzarət

32.1. Komitənin insan resursları sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsinin rəhbəri Komitənin etik davranış məsələləri üzrə məsul şəxsi hesab olunur.

32.2. Komitənin etik davranış məsələləri üzrə məsul şəxsi gömrük orqanlarında etik davranış qaydalarına əməl olunmasına təşkilati-metodiki rəhbərliyi və ümumi nəzarəti həyata keçirir.

32.3. Etik davranış üzrə məsul şəxs gömrük orqanlarında bu Kodeksin tələblərinə əməl olunması məqsədilə aşağıdakı tədbirləri həyata keçirir:

32.3.1. bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına əməl olunması vəziyyətini öyrənir, bu barədə məlumatları ümumiləşdirir;

32.3.2. etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

32.3.3. gömrük orqanı əməkdaşlarının etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır və təlimlərin keçirilməsini təşkil edir;

32.3.4. etik davranış qaydalarına dair izah verir;

32.3.5. etik davranış qaydalarının pozulması ilə bağlı məlumatları qəbul edir və araşdırılması üçün aidiyyəti üzrə təqdim edir;

32.3.6. etik davranış qaydalarının pozulmasına şərait yaradan halları təhlil edir və bu qaydaların pozulmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər görür;

32.3.7. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və ya baş vermiş pozuntu halları üzrə nəticələrin aradan qaldırılması məqsədilə gömrük orqanlarının rəhbərlərinə təklif, tövsiyə və təqdimat verir;

32.3.8. əməkdaşların etik davranış məsələləri ilə bağlı media subyektləri, bu sahə üzrə ekspert və mütəxəssislərlə əməkdaşlıq edir;

32.3.9. etik davranış məsələləri və etik davranış qaydalarının pozulması halları ilə bağlı il ərzində həyata keçirilmiş tədbirlər barədə növbəti ilin fevral ayının 20-dək Komitə sədrinə hesabat təqdim edir;

32.3.10. gömrük orqanı əməkdaşlarının etik davranış qaydaları ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verir;

32.3.11. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

32.4. Bu Kodeksin 32.3.9-cu yarımbəndində nəzərdə tutulmuş hesabatda əməkdaşların bu Kodeksin tələblərinə riayət etmə vəziyyəti, etik davranış sahəsində həyata keçirilən maarifləndirmə, daxil olmuş müraciətlərə baxılması və araşdırılması vəziyyəti, yol verilmiş etik davranış pozuntuları, onların nəticələrinin aradan qaldırılması, o cümlədən pozuntuların baş verməsinə səbəb olan halların qarşısının alınması ilə əlaqədar görülmüş tədbirlər və bu Kodeksin tətbiqi ilə bağlı digər məsələlərə dair məlumatlar öz əksini tapır.

  1. Əməkdaşların həyatının, sağlamlığının, mülkiyyətinin, şərəf və ləyaqətinin, işgüzar nüfuzunun qəsdlərdən müdafiə olunması

33.1. Xidməti fəaliyyəti ilə əlaqədar özünün həyatı, sağlamlığı, mülkiyyəti, şərəf və ləyaqəti və işgüzar nüfuzu qəsdlərə (bundan sonra-qəsdlərə) məruz qalan əməkdaşın hüquqları və qanunla qorunan maraqları Komitə tərəfindən müdafiə edilir.

33.2. Bu Kodeksin 33.1-ci bəndində göstərilən qəsdlərə məruz qalmış əməkdaş tərəfindən hadisə baş verən zaman bu barədə bilavasitə rəhbərinə dərhal məlumat verilməli, baş verən hadisə üzrə mümkün olan bütün sübutlar toplanaraq sənədləşmə aparılmalı və toplanmış material qəsdə məruz qalmış əməkdaşın xidmət apardığı gömrük orqanının və ya qurumunun hüquq strukturuna göndərilməlidir.

33.3. Hüquq strukturu tərəfindən aparılan ilkin araşdırma zamanı gömrük orqanı əməkdaşına qəsd edən şəxsin əməlində hüquqpozma faktına yol verildiyi təsdiqini tapdığı təqdirdə material hüquqpozma faktının xarakterindən asılı olaraq şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün aidiyyəti orqana göndərilir.

33.4. Qəsdə məruz qalmış əməkdaşın təhqiqat, istintaq orqanlarında və məhkəmə prosesində iştirakı və hüquqlarının müdafiəsi üçün lazımi şərait yaradılması, hüquqi yardımın göstərilməsi və bununla bağlı yaranacaq bütün xərclərin ödənilməsi gömrük orqanları tərəfindən təmin edilir.

  1. Etik davranış tələblərinin pozulmasına görə məsuliyyət

34.1. Bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarının pozulması gömrük orqanı əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

34.2. Gömrük orqanı əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər