Google süni intellekt əsaslı Gemini çat-botunun istifadəsinə qoyulan məhdudiyyətləri dəqiqləşdirib. Şirkət “Google AI” abunəçiləri üçün “Gemini tətbiqlərində limitlər və genişləndirilmiş imkanlar” adlı məlumat mərkəzi məqaləsini yeniləyib.
Banker.az-ın məlumatına görə, əvvəllər şərtlər qeyri-müəyyən təqdim olunurdusa, indi konkret rəqəmlər göstərilib. Belə ki, pulsuz hesab sahibləri Gemini 2.5 Pro ilə gündə 5 sorğu göndərə bilər. AI Pro tarifində bu limit 100, AI Ultra tarifində isə 500 sorğu təşkil edir.
Pulsuz istifadəçilər üçün əlavə olaraq ayda 5 “Deep Research” hesabatı və gündə 100 süni intellekt tərəfindən yaradılmış şəkil limiti mövcuddur. Daha çox – gündə 1000 şəkil yaratmaq istəyənlər isə Pro və ya Ultra tarifinə keçməlidir.