“Alphabet Inc.”ə daxil olan Amerikanın “Google” şirkəti Hindistanın cənubunda məlumat mərkəzlərinin (data-center) tikintisinə 15 milyard dollar sərmayə qoyacaq. Bu barədə “Google Cloud”un rəhbəri Tomas Kurian CNBC-yə istinadən məlumat verib. Tikinti növbəti beş il ərzində həyata keçiriləcək. Nəticədə, ABŞ-dən kənarda “Google”un ən böyük süni intellekt (Sİ) mərkəzi yaradılacaq. Onun ümumi enerji tələbatı 1 qiqavatt təşkil edəcək.
Andhra-Pradeş ştatının insan resurslarının inkişafı naziri Nara Lokeş bildirib ki, bu sazişə “bir illik intensiv danışıqlar”dan sonra nail olunub. O, bunun yalnız başlanğıc olduğunu bazar ertəsi X sosial şəbəkəsində qeyd edib.
Hindistanın “Economic Times” nəşri daha əvvəl yazmışdı ki, sərmayəni “Google”un Hindistandakı bölməsi — “Raiden Infotech” həyata keçirəcək. Şirkət Andhra-Pradeş ştatının Vişakhapatnam şəhərində üç kampus inşa etməyi planlaşdırır.
Çərşənbə axşamı isə “ET” yazıb ki, Andhra-Pradeş hökuməti bu kimi layihələr üzərində işi gücləndirməyi və növbəti üç il ərzində ştatın hesablama gücünü əhəmiyyətli dərəcədə artırmağı düşünür.