8 C
Baku
Thursday, March 12, 2026

“Google” kibertəhlükəsizlik startapı “Wiz”i 32 mlrd. dollara satın alıb

“Google” kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Wiz” startapının alınması üzrə sövdələşmənin başa çatdığını şirkətin bloqunda açıqlayıb. “Wiz” “Google Cloud”un tərkibinə daxil olacaq, lakin öz brendini qoruyub saxlayacaq. Sövdələşmə şirkətə təhlükəsizlik səviyyəsini artırmağa və müştərilərə “istənilən bulud və ya süni intellekt platformasında xidmətləri sürətli və təhlükəsiz şəkildə işə salmağa” imkan verəcək.

2020-ci ildə yaradılmış “Wiz” bulud xidmətlərinin kibertəhlükəsizliyi ilə məşğuldur. 2024-cü ilin yayında media mənbələri “Google”un startapı 23 milyard dollara almaq üzrə danışıqlar apardığını bildirmişdi. Həmin vaxt “Wiz” təklifi rədd etmişdi. 2025-ci ilin martında isə mənbələr sövdələşmənin məbləğinin 30 milyard dollara yüksəldiyini bildirmişdi. Daha sonra “Google” startapın 32 milyard dollara alındığını rəsmi şəkildə təsdiqlədi.

“Financial Times”ın 2024-cü ilin iyulunda “PitchBook” məlumatlarına istinadən yazdığına görə, startap fəaliyyət göstərdiyi müddətdə ümumilikdə təxminən 2 milyard dollar investisiya cəlb edib. Şirkətin 2024-cü ilin mayında elan etdiyi 1 milyard dollarlıq investisiya raundu zamanı investorlar “Wiz”i 12 milyard dollar dəyərində qiymətləndirmişdilər.

“Google”un məlumatına görə, startapın müştəriləri arasında “Fortune 100” siyahısına daxil olan şirkətlərin 50%-i, həmçinin “Shell”, BMW, LVMH, “Morgan Stanley”, “Mars” və digər aparıcı qlobal şirkətlər var.

Son xəbərlər
Digər xəbərlər