Sükan arxasında hər bir şəxsin ehtiyat etdiyi məqamlardan biri də yüksək sürət həddinə çatmaqdır. Bu zaman ilk olaraq özü üçün yaratdığı təhlükə, öz avtomobili ilə yanaşı, digər avtomobillər, onların sürücüləri, piyadalara ziyan verir. Göründüyü kimi, sürət həddini aşmaq bir çox faciələrə səbəb ola bilər. Təbii ki, heç kəs heç nədən sığortalanmayıb. Ona görə də avtomobil idarə edirsinizsə, ikiqat daha diqqətli olmalısınız.
Hər bir yolun özünəxas müəyyənləşdirilən sürət limiti var. Bu, xüsusi göstəricilərlə sürücülərə bildirilir. Bəzən səhlənkarlıq, məsuliyyətsizlik və ya tələskənlikdən sürücülər sürət həddini gözləmirlər. Təbii ki, bunun nəticəsində radara və yaxud kameraya düşürsə sürücü cərimələnir.
Bəzən sürücülər radardan xəbərsiz olduqlarını da “səbəb” kimi bildirirlər. Çünki aşkar olduğu kimi, gizli radarlar da olur. Bunun üçün xüsusən də təcrübəsiz, yeni başlayan sürücülər ehtiyat məqsədilə radarları əvvəlcədən bildirən xüsusi proqramlardan istifadə edirlər. Bu proqramlar da müəyyən qiymət əsasında quraşdırılır. İstifadə baxımından tez-tez donması, səhv deməsi baxımından belə proqram istifadəçiləri bəzən narazılıq edirlər.
Yaxın zamanlarda bu problemin öz həllini tapacağı gözlənilir. Müasir smartfon istifadəçilərinin hər birinin telefonunda pulsuz olaraq mövcud olan “Google Map”, yəni “Google Xəritə” yeni funksiya ilə istifadəçilərini sevindirəcək. Əlavə edilən yeniliyə əsasən, yola çıxdığınız zaman, sadəcə, “Google Map”də haradan-haraya getdiyinizi qeyd edin. Proqramı aktivləşdirməyiniz yetərlidir. Yolboyu mövcud olan aşkar, gizlin radarları sizə bildirəcək. Radara müəyyən məsafə qalanda “Google Map” ekranda “Speed Camera” xəbərdarlığını verəcək. Bu isə sizə imkan verəcək ki, həm aşkar, həm də gizlin sürət kamerasının, radarın mövcudluğundan məlumatlanasınız. Sürət həddini azaldıb, artırmaq isə sizin ixtiyarınıza qalacaqdır. Hər halda qaydalar onlara əməl etmək üçün mövcuddur. Ona görə də qaydalara riayət edək. Bu yenilənmə bir çox sürücülərin, xüsusən də yeni başlayanların ürəyincə olacaq.
“Google” və “Waze” şirkətlərinin birlikdə öhdəlik götürüb idarə etdikləri “Google Map” yeni funksiyasını test etməyə başlayıb. Dəqiq zaman bildirilməsə də, sınaq müddəti başa çatdıqdan sonra istifadəçilərin ixtiyarına veriləcək. Bu dəyişiklik “Google Map” üçün önəmli avantaj, populyarlıq yaradacaq.
© İki Sahil