Google şirkətinin pilotsuz avtomobilləri idarə etmək üçün vasitə yaradan Waymo strukturu Uber şirkətini və onun Otto startapını məhkəməyə verib. Belə ki, Google şirkəti onları oğurlanmış texnologiyadan istifadə etməkdə günahlandırır.
Banker.az saytı Business Insider nəşrinə istinadən xəbər verir ki, məhkəmə iddiası 23 fevral tarixində San-Fransisko əyalət məhkəməsinə göndərilib. Sənəddə bildirilir ki, Google şirkəti üçün çalışan mühəndislər komandası lazer ötürücüsünün yaradılması haqqında məlumatları oğurlayıb. Lazer ötürücü avtomobilin hərəkətini onu əhatə edən obyektlər üzrə istiqamətləndirir.
Məhkəmə iddiasında həmçinin qeyd edilir ki, “Otto və Uber şirkəti Waymo şirkətinin məlumatlarını mənimsəyib və bu da onlara risklərdən, zaman itkisindən və şəxsi texnologiyanın yaradılmasına sərf edilən xərclərdən qaçmaq imkanı verib”. Google şirkətinin zərəri məbləğ olaraq yarım milyard dollardan çox olaraq qiymətləndirilir.
Bu məsələdə əsas təqsirli şəxs Entoni Levandovski göstərilir. 9 illik işdən sonra, 2016-cı ilin yanvar ayında o Otto startapını yaradır. 6 ay sonra Uber 680 milyon dollara Otto-nu əldə edir. Şikayətçi tərəf qeyd edir ki, Levandovski Google şirkətini tərk etməzdən 6 həftə əvvəl Waymo-nun yaratdığı texnologiyalar haqqında 14 mindən çox məxfi falı özü üçün köçürüb.
Uber şirkəti isə öz növbəsində qeyd edib ki, ittihamlar ilə tanış olub və bu məsələni diqqətlə araşdırır.