Financial Times Google-un çiplərinin Anthropic tərəfindən alınmasını maliyyələşdirən dairəvi sxemin kifayət qədər dolğun təsvirini bərpa edə bilib. Sxemdə Google özü də iştirak edir. Şirkət eyni zamanda Claude süni intellekt modelinin tərtibatçısı Anthropic-in iri investorlarından biridir.
Sxem serverlərin tərkibində Google çiplərinin alınması ilə bağlı ümumi dəyəri 200 milyard dollar olan müqavilələri əhatə edir. Bu, cari ildə 2 trilyon dollar həcmində qiymətləndirilən dünya üzrə bütün süni intellekt xərclərinin nəzərəçarpacaq hissəsidir.
Sxemdə Google-dan başqa, birbaşa çiplərin alınması ilə məşğul olan Broadcom, bunun üçün tələb olunan maliyyələşməni təmin edən Apollo və Blackstone fondları da iştirak edir. Fondlar daha sonra avadanlığı Anthropic-ə icarəyə verirlər.
“Bizim hər birimiz öz balans imkanlarımızı işə salırıq. Biz bunu məlumat mərkəzləri tərəfində, Broadcom isə çiplər tərəfində edirik”, deyə layihədə çalışan Google nümayəndəsi bildirib.
Sxemin incə məqamlarından biri ondan ibarətdir ki, iştirakçıların heç biri on milyardlarla dolları likvidliyi zəif olan aktivlərdə, yəni çiplər və serverlərdə saxlamaq istəmir. Onları balansdan çıxarmaq üçün Morgan Stanley-nin iştirakı ilə süni intellekt sektoru üçün aviasiya sənayesində lizinq zamanı istifadə edilən vendor maliyyələşdirməsinə bənzər model hazırlanıb.
Sxem iyun ayında 1 milyon prosessoru əhatə edən, təxminən 1 giqavatlıq süni intellekt hesablama gücünün 35 milyard dollara alınması zamanı sınaqdan keçirilib. Bu modelin növbəti sövdələşmələrdə də tətbiq olunması planlaşdırılır.
Broadcom vasitəsilə alınan Google çipləri əsasında qurulmuş serverlərin sahibi xüsusi məqsədli Compute SPV şirkətidir. Şirkət Apollo və Blackstone-un investisiya qoyduğu borc öhdəlikləri buraxıb.
Son istifadəçinin defoltu riskindən sığortanı və Anthropic-in icarəyə götürdüyü avadanlığın qalıq dəyərinə zəmanəti də Broadcom təmin edir. Şirkətin Google-dan hesablama güclərinin alınması üzrə öhdəliklərinin ümumi həcmi 128 milyard dollara çatıb.
Google ayrıca məlumat mərkəzlərinin tikintisinə və onların enerji ilə təmin olunmasına zəmanət verir. Bu hissədə də vasitəçi şirkətlər fəaliyyət göstərir. Google həmin məqsədlə əvvəllər kriptovalyuta mayninqi ilə məşğul olmuş bir neçə şirkətdən istifadə edib.
Anthropic-in 2,4 giqavat gücə malik məlumat mərkəzlərinin icarəsi üçün bu şirkətlərə edəcəyi ödənişlərə Google özü zəmanət verir. Nəticədə Google mürəkkəb maliyyə əməliyyatları vasitəsilə təxminən 44 milyard dollarlıq öhdəlik götürüb, lakin balansında bunun yalnız 815 milyon dollarını göstərib.
Financial Times yazır ki, risk böyükdür və məhdud sayda iştirakçı üzərində cəmləşib. Bununla belə, layihələrin miqyası hesabına əldə olunan üstünlüklər bu riski tarazlaşdıra bilər.
Google-un təminat verdiyi məlumat mərkəzi layihələri üzrə borclanmanın median faiz dərəcəsi 7,1% təşkil edir. Nvidia çipləri əsasında qurulan neokloud layihələrində isə bu göstərici 9,3%-dir.
Bu niyə vacibdir?
Süni intellektə yönəldilən nəhəng investisiyaların mənimsənilməsində dairəvi maliyyələşdirmədən istifadə olunması artıq bir neçə ildir sektorun ortamüddətli dayanıqlığı ilə bağlı ciddi suallar doğurur.
Bu mexanizmin Nvidia nümunəsində necə işlədiyi barədə daha əvvəl də yazılıb.
Financial Times-ın təhlili göstərir ki, formal baxımdan bu sxemlərdə qanunsuz heç nə yoxdur. Lakin sektor üzrə tələbin demək olar ki, hamısı bir-biri ilə əlaqəli məhdud sayda süni intellekt nəhəngindən asılıdır.
“Bu şirkətlərin ətrafında bütöv bir ekosistem formalaşıb. Onların investisiya yatırmaq istəyi azalarsa, bütün sistemin inkişafı zəifləyəcək. Bu, böyük makroiqtisadi riskdir”, deyə Jefferies-in analitiki Conatan Petersen bildirib.







